Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
8 Noyabr – Azərbaycan xalqının Qürur və Zəfər Günü

0

  • Azərbaycan xalqının minilliklər boyu formalaşan dövlətçilik ənənələri, azadlıq və müstəqillik ruhu 8 Noyabr – Zəfər Günündə özünün ən yüksək zirvəsinə çatdı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək, torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi qələbə təkcə hərbi sahədə deyil, həm də siyasi, iqtisadi və mənəvi baxımdan Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və dövlətçilik gücünün təntənəsi oldu.
    1988-ci ildən başlayan Qarabağ hadisələri Azərbaycan xalqının taleyinə ağır faciələr yazdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində kəndlər, şəhərlər dağıdıldı, yüz minlərlə soydaşımız öz doğma torpaqlarından didərgin düşdü. Otuz ilə yaxın müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal dövründə Ermənistan işğal altında saxladığı əraziləri viran qoyaraq, mədəni irsimizə, iqtisadi potensialımıza və təbii sərvətlərimizə böyük zərər vurdu.
    Lakin bu illər ərzində Azərbaycan dövləti heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və prinsipial siyasət nəticəsində güclü ordu formalaşdı, ölkənin iqtisadi və siyasi dayaqları möhkəmləndirildi. Dövlət başçısının qeyd etdiyi kimi, “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir... biz torpaqlarımızı azad etdik, düşməni torpağımızdan qovduq və biz buna nail olduq.”
    Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirdi, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri həyata keçirərək regionun əsas iqtisadi və siyasi mərkəzinə çevrildi. Eyni zamanda, ordu quruculuğu, hərbi sənaye kompleksi və müasir hərbi texnologiyaların tətbiqi istiqamətində mühüm nailiyyətlər əldə olundu. Bu illər ərzində aparılan islahatlar, müasir silah-sursatla təchizat və vətənpərvər gəncliyin yetişdirilməsi Zəfər Gününə gedən yolun əsas sütunlarını təşkil etdi.
    2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmri ilə başlanan “Dəmir yumruq” əməliyyatı 44 gün davam etdi. Hər gün, hər saat irəliləyən Azərbaycan əsgəri Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa kimi strateji əhəmiyyətli bölgələri azad edərək, tarixi ədaləti bərpa etdi.
    Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonu Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 30 illik həsrətə son qoyuldu, Azərbaycan öz tarixi torpaqlarında suverenliyini tam bərpa etdi.
    Bu qələbə təkcə hərbi uğur deyil, həm də milli birliyin, dövlət-xalq birliyinin təntənəsi idi. Müharibə dövründə Azərbaycan xalqı misilsiz həmrəylik nümayiş etdirdi. Fərqli siyasi baxışlara malik partiyalar Ali Baş Komandan ətrafında sıx birləşərək Vətən uğrunda mübarizədə dövlətin və ordunun yanında oldu. Xalqımızın birliyi, ordumuzun rəşadəti və rəhbərliyin qətiyyəti bu qələbəni təmin edən əsas amillər idi.
    Qarabağ müharibəsi həm də XXI əsrin yeni döyüş modelini yaratdı. Müasir texnologiyalardan, pilotsuz uçuş aparatlarından və dəqiq planlaşdırmadan istifadə edən Azərbaycan Ordusu dünyanın hərbi tarixində yeni səhifə açdı. ABŞ və Avropanın bir çox hərbi akademiyaları bu müharibəni nümunəvi əməliyyat kimi öyrənməyə başladı.
    Azərbaycanın qələbəsində informasiya müharibəsinin də mühüm rolu oldu. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın haqq səsinə yönəltdi. Müzəffər Ali Baş Komandanın hər bir çıxışı xalqın ruhunu qaldırdı, əzmini möhkəmləndirdi və birliyimizi daha da gücləndirdi.
    Türkiyə Respublikası ilə sarsılmaz qardaşlıq münasibətləri də bu dövrdə özünü açıq şəkildə göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı xalqımızın ruhuna güc qatdı. Daha sonra imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini yeni səviyyəyə yüksəltdi.
    8 Noyabr Zəfər Günü – Azərbaycanın şərəf və qürur günüdür. Bu gün tariximizin ən parlaq səhifəsi, xalqımızın birlik, iradə və azadlıq ruhunun simvoludur. Bu qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, ordumuzun şücaəti, xalqımızın birliyi və Prezident İlham Əliyevin uzaqgörən liderliyi sayəsində əldə edildi.
    Zəfər Günü – Azərbaycanın əzəmətinin, dövlətçiliyinin və milli birliyinin təntənəsi, gələcək nəsillərə qürurla ötürüləcək bir dastandır.
    Qarabağ Azərbaycandır!
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib21 dəfə
    8 Noyabr Azərbaycan xalqının Qürur Zəfər Günü

    Maraqlı gələ bilər
    104
    79
    108