2025-ci il iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə keçirilmiş görüşlər və mətbuat üçün verdikləri bəyanatlar Azərbaycan-Özbəkistan münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir. Bu səfər həm ikitərəfli əməkdaşlıq, həm də regional və beynəlxalq müstəvidə ortaq mövqelərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bəyanatında ötən il Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin iki ölkə arasında ən yüksək siyasi sənəd olduğunu vurğuladı və tərəflər arasında strateji, qardaşlıq və müttəfiqlik xarakterli əlaqələrin genişləndiyini bəyan etdi.
Özbəkistanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, o cümlədən futbol üzrə milli komandanın dünya çempionatının final mərhələsinə vəsiqə qazanması Azərbaycan tərəfindən təqdirlə qarşılandı. Prezident İlham Əliyev bu uğuru Özbəkistan dövlətinin gənclər siyasətinin və idman sahəsinə göstərilən diqqətin nəticəsi kimi qiymətləndirdi. Eyni zamanda, Özbəkistanın son illərdə həyata keçirdiyi islahatlar, ölkənin iqtisadi, sosial və beynəlxalq nüfuz baxımından irəliləyişi də qeyd olundu və bu müsbət tendensiyalar dost Azərbaycan tərəfindən məmnuniyyətlə izlənilir.
İkitərəfli iqtisadi əməkdaşlıq məsələlərinə toxunaraq, Prezident Əliyev birgə yaradılmış İnvestisiya Fondunun artıq praktiki layihələrlə təmin edildiyini bildirdi. 500 milyon dollar nizamnamə kapitalına malik Fondun fəaliyyəti çərçivəsində energetika, kənd təsərrüfatı, mehmanxana biznesi və digər sahələr üzrə 10-dan çox layihənin icrasına start verilməsi planlaşdırılır. Bu, iki ölkənin qarşılıqlı investisiya imkanlarının artmasını, sənaye və xidmət sahələrinin inkişafını, eləcə də məşğulluğun artırılmasını təmin edəcək.
Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da diqqət mərkəzində oldu. Prezident İlham Əliyev Xəzər dənizi və Azərbaycan üzərindən Qərbə çıxışı təmin edən Orta Dəhliz layihəsinin əhəmiyyətini vurğuladı və bu istiqamətdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın davam etdiriləcəyini bildirdi. Azərbaycanın mövcud infrastrukturunun daha böyük həcmdə yükləri qəbul etməyə hazır olduğu qeyd edildi.
Kənd təsərrüfatı sahəsində də mühüm əməkdaşlıq nümunələri mövcuddur. Azərbaycan Prezidenti özbək mütəxəssislərin pambıqçılıq və ipəkçilik sahəsindəki təcrübəsini yüksək qiymətləndirərək, bu sahədə birgə layihələrin inkişaf etdiriləcəyini söylədi. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı üzrə iri müəssisələrin yaradılması müzakirə olunub.
Xüsusi vurğulanan məsələ isə Qarabağın bərpası prosesinə Özbəkistanın verdiyi dəstək oldu. Prezident İlham Əliyev ilk olaraq məhz Özbəkistanın təşəbbüsü ilə Füzuli rayonunda inşa olunmuş Mirzə Uluqbəy adına məktəbi xatırlatdı və bu təşəbbüsə görə Prezident Mirziyoyevə dərin təşəkkürünü ifadə etdi. Bununla yanaşı, Xankəndi şəhərində Özbəkistan tərəfindən yaradılan tikiş fabriki artıq 200-dən çox insanı işlə təmin edib və bu müəssisənin genişləndirilməsi planlaşdırılır. Bu, işğaldan azad olunmuş ərazilərin iqtisadi və sosial dirçəlişinə verilən töhfənin bariz nümunəsidir.
Prezidentlər, həmçinin Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının açılışını birlikdə həyata keçirdilər. Bu, yalnız diplomatik münasibətlərin deyil, həm də qardaşlıq bağlarının rəmzi kimi qəbul olundu. Eləcə də Bakının “Ağ şəhər” layihəsi çərçivəsində yaradılacaq “Özbəkistan” parkı hər iki xalqın ortaq mədəni dəyərlərinin və dostluğunun əbədi təcəssümünə çevriləcək.
Bütün bu məqamlar Azərbaycan və Özbəkistan arasında münasibətlərin sadəcə iki ölkə arasında diplomatik əlaqələrlə məhdudlaşmadığını, əksinə, dərin tarixi, mədəni və mənəvi bağlılıqlar üzərində qurulan müttəfiqlik və sarsılmaz qardaşlıq münasibətlərinə əsaslandığını göstərir. Bu gün imzalanan sənədlər və razılaşdırılmış yeni təşəbbüslər gələcək illər üçün daha səmərəli, strateji tərəfdaşlıq modelinin əsasını təşkil edəcək.
Xocalı rayon ziyalısı Anar Əliyev