Prezident İlham Əliyev çıxışında türk dünyasının birliyinin sadəcə tarixi və mədəni bağlılıqla kifayətlənmədiyini, bu birliyin gələcək üçün əsaslı, davamlı və sistemli şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, bu birlik regional sabitlik və inkişafın əsas sütununa çevrilməlidir.
Azərbaycan Prezidenti türk dövlətləri arasında həmrəylik ruhunu gücləndirmək üçün siyasi, iqtisadi və humanitar sahələrdə daha aktiv və praqmatik əməkdaşlıq çağırışı etdi. Bu çərçivədə o, Orta Dəhlizin genişləndirilməsi, nəqliyyat və energetika infrastrukturunun inteqrasiyası, yeni texnologiyalar və rəqəmsallaşma sahələrində birgə təşəbbüslərin vacibliyini xüsusi vurğuladı.
İlham Əliyevin çıxışında diqqət çəkən əsas məsələlərdən biri də Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizi oldu. O, bu dəhlizi Türk Dövlətləri Təşkilatını yalnız mədəni deyil, real fiziki bağlantılarla birləşdirən strateji vasitə kimi təqdim etdi. Bu layihə, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının iqtisadi inteqrasiyası üçün açar rolunu oynayır.
Prezident həmçinin qeyd etdi ki, müasir çağırışlar fonunda Türk dövlətləri informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə sahəsində də birgə fəaliyyət göstərməlidirlər. Bu məqsədlə ortaq informasiya məkanının yaradılması, informasiya resurslarının inteqrasiyası və koordinasiyalı media siyasəti irəli sürüldü.
Təhsil, elm və gənclər siyasəti Prezident Əliyevin çıxışında geniş yer aldı. O, ortaq təhsil proqramlarının yaradılması, tələbə mübadiləsi, elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi ilə Türk dünyasının intellektual kapitalının birləşdirilməsinin vacibliyini bildirdi. Bu çağırış, gələcək liderlərin türk kimliyi və ortaq dəyərlər əsasında yetişdirilməsinə yönəlmiş strateji baxış kimi qiymətləndirilə bilər.
Mədəni və tarixi irsin qorunması məsələsi də Prezidentin çıxışının əsas istiqamətlərindən biri oldu. O bildirdi ki, ortaq tariximizin, mədəniyyətimizin və dilimizin qorunması və təbliği, Türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışının sonunda Türk Dövlətləri Təşkilatını daha çevik, funksional və effektiv quruma çevirmək üçün təşkilati və institusional islahatların zəruriliyini də gündəmə gətirdi. Onun fikrincə, müasir dünyanın çağırışlarına cavab verə biləcək güclü Türk birliyi üçün yalnız niyyət və istək deyil, həm də sistemli yanaşma və konkret addımlar vacibdir.
Bu çıxış Azərbaycan Prezidentinin təkcə milli lider deyil, həm də regional strateq və türk dünyasında önəmli vizyon sahibi olduğunu bir daha təsdiqlədi. İlham Əliyev Türk Dövlətləri Təşkilatını gələcəyə səsləməklə, həm ortaq idealları gündəmə gətirdi, həm də bu idealların gerçəkləşməsi üçün siyasi iradənin və praktiki addımların vacibliyinə diqqət çəkdi.
Beləliklə, Budapeşt Zirvə görüşündə İlham Əliyevin ifadə etdiyi baxış, Türk birliyinin gələcəyinə uzanan yolda Azərbaycanın lider rolu və məsuliyyətini aydın şəkildə ortaya qoydu.
Xocalı şəhər 5 saylı Tam orta məktəbin müəllimi
Mətanət Zamanova.