Şuşa bu gün təkcə qədim bir şəhər və mədəniyyət beşiyi deyil, həm də Azərbaycanın öz səsinin dünya miqyasında eşidildiyi strateji tribunaya çevrilib. III Şuşa Qlobal Media Forumu, bu baxımdan, tək bir tədbir deyildi – o, həm simvol, həm mesaj, həm də yeni mərhələnin manifestidir. Prezident İlham Əliyevin burada etdiyi çıxış isə Azərbaycanın həm daxildə, həm də qlobal miqyasda hansı yolda irəlilədiyini ortaya qoyan siyasi deklarasiya idi.
Azərbaycanın bu gün sahib olduğu beynəlxalq nüfuz, yalnız neftlə, qazla və ya geosiyasi mövqelə bağlı deyil. Bu nüfuz həm də sistemli, ardıcıl və prinsipial dövlətçilik fəlsəfəsinə söykənir. Məhz bu səbəbdəndir ki, dünya Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi nəhəng iqlim sammitinə böyük önəm verir. Bu, Bakının təkcə enerji ixrac edən yox, həm də qlobal çağırışlara cavab verən bir oyunçuya çevrildiyini təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan reallığını çox aydın şəkildə izah etdi: neft və qaz ölkəsi olmaqla yanaşı, biz yaşıl enerjiyə də keçid edirik. Amma bu keçid pafos və vədlərlə deyil, konkret layihələrlə, real güclə baş verir. Artıq 6 giqavatlıq bərpaolunan enerji layihələri icra mərhələsindədir. Cəbrayıl, Naxçıvan, Xəzəryanı bölgələrdə yeni stansiyalar tikilir. Azərbaycan öz enerji təhlükəsizliyini təmin etməklə bərabər, regionun da enerji sabitliyinə töhfə verir.
Amma məsələ yalnız enerji deyil. Prezidentin vurğuladığı yaşıl fond təşəbbüsü, iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ada ölkələrinə dəstək, Azərbaycanın beynəlxalq məsuliyyətini və humanitar yanaşmasını göstərir. Azərbaycan nəinki özü inkişaf edir, eyni zamanda digərlərinə də dəstək verir – bu, yeni dövrün liderlik modelidir.
Prezidentin çıxışının digər vacib xətti isə Qarabağın post-münaqişə dövründəki inkişafıdır. Bir vaxtlar xarabalığa çevrilmiş Şuşa indi beynəlxalq forumlara ev sahibliyi edir, Füzulidə qardaş Özbəkistanın hədiyyə etdiyi məktəb açılır, Qələbə Meydanı inşa olunur. Bunlar sadəcə fiziki layihələr deyil – xalqın iradəsinin, dövlətin gücünün və tarix qarşısında haqlılığın canlı təzahürləridir.
Şuşada səslənən fikirlər təkcə auditoriyaya deyil, dünya ictimaiyyətinə ünvanlanmışdı. Azərbaycan artıq müdafiə mövqeyində deyil, təşəbbüs sahibidir. O, sülh istəyir, amma diktə ilə yox – ədalətlə. O, beynəlxalq əməkdaşlıqdan yanadır, amma təslimiyyətə əsaslanan diplomatiyanı qəbul etmir. İlham Əliyevin sözləri ilə desək, “biz istəmirik ki, iqlim dəyişiklikləri ilə bağlı qərarlar hansısa qapalı dairələrdə qəbul olunsun”. Bu fikirlər təkcə iqlim siyasətinə yox, ümumi beynəlxalq münasibətlər sisteminə yönəlmiş tənqidi baxışdır.
Bu gün Şuşada toplaşan jurnalistlər, ekspertlər və ictimai xadimlər təkcə bir forumda iştirak etmirdilər – onlar müasir Azərbaycanın yeni konsepsiyasının şahidi idilər. Azərbaycanın bu yeni siması – öz gücünə arxalanan, regional sabitlik üçün çalışan, qlobal məsələlərə sözünü deyən və eyni zamanda öz köklərinə sadiq qalan bir simadır.
Prezidentin nitqi həm də Azərbaycan gəncliyinə, ziyalılarına və ictimaiyyətə ünvanlanmış çağırış idi: biz artıq tarixi ədaləti bərpa etdik, indi gələcək üçün işləmək zamanıdır. Şuşa artıq azaddır, lakin azadlıq yalnız torpaqla deyil, düşüncə ilə də möhkəmlənməlidir. Bu çıxış bir növ strateji siqnal idi – Azərbaycan susmayacaq, susduqca deyiləcək sözlərə daha böyük məna qatacaq.
Xocalı rayon ziyalısı Xaliq Əkbərov