Uzun illər xəritədə baxanda bir yeri görməməzlikdən gəlirdik – Cəbrayıl. Əslində o vardı, amma yox kimi idi. Çünki o torpaq, o dağlar, o kəndlər yad əllərdə idi. 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu, təkcə bir rayonun düşmən əlinə keçməsi deyildi – bu, bütöv bir xalqın yarası idi.
Cəbrayıl dedikdə, sadəcə bir şəhər yox, 1 şəhər, 4 qəsəbə, 92 kənd yadımıza düşür. Orda yaşayan 52 min insan, 72 məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150-dən çox mədəniyyət ocağı... Hər daşında bir iz, hər ağacında bir nəfəs olan bu torpaq işğal zamanı vəhşicəsinə dağıdıldı. Həmin günlərdə evindən, yurdundan didərgin düşənlər təkcə torpağını deyil, yaddaşını, uşaqlığını, ata ocağını itirdi.
İtkilər tək fiziki deyildi – 362 şəhid, 191 qazimiz oldu. Bu torpaq uğrunda qan töküldü, can verildi. Cəbrayıl övladları Azərbaycanın Milli Qəhrəmanları sırasına adlarını qızıl hərflərlə yazdırdı. Amma bu ağrının içində bir ümid də vardı – “bir gün geri dönəcəyik” deyə.
Və o gün gəldi. 27 il sonra, 2020-ci ilin rəşadətli Vətən müharibəsində Azərbaycan Ordusu Cəbrayıl şəhərini düşməndən azad etdi. 4 oktyabr – bu tarix bizim yaddaşımıza qürurla həkk olundu. Cəbrayıl geri döndü! Xalq öz doğma yurduna, dağılan ocağına, talan olmuş torpağına yenidən sahib çıxdı.
Bu gün Cəbrayılda yeni həyat başlayır. Yol çəkilir, məktəb tikilir, ev bərpa olunur. Uşaqlar yenidən doğulduqları yurdda gülür. Əkin sahələri canlanır, dağlar nəfəs alır. Sementi, mərməri, daş karxanası, hətta neft yataqları ilə zəngin olan bu rayon artıq öz sərvətini xalqı üçün verir. Əhali isə bir zamanlar çörək böldüyü torpaqlara geri dönür.
Cəbrayılın qayıdışı təkcə coğrafi yox, mənəvi qayıdışdır. Bu gün biz təkcə torpaq deyil, kimliyimizi geri almışıq. Biz bu gün Cəbrayıla baxaraq deyirik: "Heç nə unudulmur, heç kim unudulmur.
Xocalı rayon ziyalısı Leyli Yusifova