Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Gəncliyə güvənən dövlətin gələcək manifesti

0



  • 2 Fevral – Azərbaycan Gəncləri Günü müasir Azərbaycan dövlətçiliyinin gənclərə verdiyi dəyərin, onlara göstərilən etimadın və gələcəyə hesablanmış strateji baxışın simvoludur. Bu günün yaranması təsadüfi deyil. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə təsis olunan Azərbaycan Gəncləri Günü ölkəmizin gənclər siyasətində yeni mərhələnin başlanğıcı oldu və Azərbaycan bu sahədə bir çox ölkələri qabaqlayaraq nümunəvi model formalaşdırdı. Hələ beynəlxalq səviyyədə Beynəlxalq Gənclər Günü elan edilməmişdən əvvəl Azərbaycanda gənclər dövlət siyasətinin mərkəzinə gətirilmişdi.

    Heydər Əliyev gəncləri yalnız cəmiyyətin fəal üzvü kimi deyil, dövlətin dayağı, müstəqilliyin qoruyucusu və inkişafın aparıcı qüvvəsi kimi görürdü. Onun fikrincə, gənclər yüksək biliyə, sağlam düşüncəyə, milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna malik olmalı idilər. Bu baxış təkcə ideoloji yanaşma ilə məhdudlaşmadı, konkret qərarlar və hüquqi mexanizmlərlə möhkəmləndirildi. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər forumlarının keçirilməsi, istedadlı gənclərə dövlət qayğısının institusional əsaslarla təmin edilməsi, gənclərin xaricdə təhsilinin təşviqi Ulu Öndərin gənclərə yönəlik siyasətinin əsas sütunlarını təşkil etdi. “Azərbaycanın genofondu gənclərdir” ifadəsi gənclərin dövlət üçün nə qədər strateji əhəmiyyət daşıdığını aydın şəkildə ortaya qoyurdu.

    Bu gün həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Müasir çağırışlar, qlobal proseslər və texnoloji inkişaf fonunda gənclər siyasəti yeni məzmunla zənginləşdirilib. Gənclərin bilik və bacarıqlarının inkişafı, sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, innovasiya və sahibkarlığa cəlb olunması dövlətin prioritet istiqamətləri sırasındadır. “Gənclər ili”nin elan edilməsi, Gənclər Fondunun fəaliyyəti, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, könüllülük hərəkatının genişlənməsi gənclərin potensialının üzə çıxarılmasına xidmət edən real mexanizmlərdir.

    Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətində əsas məqam gənclərə inanmaq və onlara məsuliyyət verməkdir. Gənc kadrların dövlət idarəçiliyində irəli çəkilməsi, beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinin fəal iştirakı, elm, idman və mədəniyyət sahələrində əldə olunan uğurlar bu inamın nəticəsidir. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi öz sözünü dedi. Döyüş meydanında qəhrəmanlıq göstərən, informasiya cəbhəsində ölkəmizin haqq səsini dünyaya çatdıran gənclər sübut etdilər ki, vətənpərvərlik ruhunda yetişdirilən gənclik dövlət üçün ən böyük gücdür.

    Bu gün Azərbaycan gəncliyi dördüncü sənaye inqilabının çağırışlarına cavab verən, müasir texnologiyalara yiyələnən, dünyagörüşü geniş, milli kimliyinə bağlı bir nəsildir. Dövlətin yaratdığı imkanlardan yararlanan gənclər həm şəxsi inkişaflarını təmin edir, həm də ölkənin sosial-iqtisadi və mədəni həyatına töhfə verirlər. 2 Fevral – Azərbaycan Gəncləri Günü bu baxımdan sadəcə bir bayram deyil, gənclərə verilən dəyərin, onlara göstərilən etimadın və güclü Azərbaycanın gələcəyinə olan inamın ifadəsidir. Bu gün bir daha təsdiq edir ki, Azərbaycan dövləti gəncliyə arxalanır, gənclik isə bu etimadı əməli fəaliyyəti ilə doğruldur.

    Xocalı rayon ziyalısı Elxan Zamanov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib14 dəfə
    Gəncliyə güvənən dövlətin gələcək manifesti

    Maraqlı gələ bilər
    35