0
Prezident İlham Əliyev: “Azərbaycan və Ermənistan artıq sülhün real nəticələrini görür”
“Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlar kimi qiymətləndirilir. Dövlət başçısının çıxışında əsas diqqət Azərbaycan-Ermənistan münasibətlərində yaranmış yeni mərhələyə, sülhün iqtisadi və siyasi nəticələrinə, həmçinin beynəlxalq təsisatların regiona münasibətinə yönəldi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün ardıcıl və prinsipial siyasət həyata keçirir. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması uzun illər davam edən münaqişənin başa çatması istiqamətində tarixi hadisə hesab olunur. Prezident qeyd etdi ki, artıq həm Azərbaycan, həm də Ermənistan sülhün praktik nəticələrini görməkdədir.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan humanitar və iqtisadi sahələrdə mühüm addımlar ataraq Ermənistana tətbiq olunan tranzit məhdudiyyətlərini ləğv edib. Nəticədə Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yük daşınıb. Bundan başqa, enerji sahəsində əməkdaşlıq başlanıb və Azərbaycan Ermənistana neft məhsulları ixrac edir. Bu proses regionda iqtisadi inteqrasiyanın formalaşmasına və yeni əməkdaşlıq mühitinin yaranmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyətinə xüsusi diqqət ayırdı. Dövlət başçısı qeyd etdi ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yalnız Azərbaycan ilə Naxçıvan arasında əlaqəni təmin etməyəcək, həm də Avrasiya məkanında mühüm nəqliyyat dəhlizlərindən birinə çevriləcək. Bu marşrut region ölkələrinin iqtisadi inkişafına yeni imkanlar açacaq.
Prezidentin çıxışında Avropa təsisatlarının mövqeyi ilə bağlı səsləndirilən fikirlər də diqqət çəkdi. Dövlət başçısı bəyan etdi ki, bəzi Avropa qurumları regionda sülhün möhkəmlənməsinə dəstək vermək əvəzinə, qərəzli yanaşmalar nümayiş etdirirlər. Xüsusilə Avropa Parlamenti və AŞPA tərəfindən Azərbaycana qarşı qəbul olunan qərarlar ikili standartların bariz nümunəsi kimi təqdim edildi.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində təmin edib və separatçılığa son qoyub. Bu addımlar beynəlxalq hüququn tələblərinə uyğun olsa da, bəzi beynəlxalq dairələr tərəfindən qərəzli münasibətlə qarşılanır. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər qiymətlidir və bu məsələdə fərqli yanaşmalar qəbuledilməzdir.
Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması ilə bağlı qərarı da Prezident tərəfindən diqqətə çatdırıldı. Dövlət başçısı bildirdi ki, bu addım Azərbaycana qarşı davamlı şəkildə aparılan əsassız kampaniyalara cavab xarakteri daşıyır.
Çıxışının sonunda Prezident İlham Əliyev regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın siyasi iradə nümayiş etdirdiyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, bütün maneələrə baxmayaraq, Azərbaycan sülh və əməkdaşlıq siyasətini davam etdirəcək.
Xocalı rayon gənci Ayşə Əliyeva.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 saat öncə |
| İzlənib | 13 dəfə |