7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı türk dünyasının həmrəyliyinin, gücünün və gələcək istiqamətinin bariz ifadəsi oldu. Prezident öz nitqində vurğuladı ki, bu gün Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq meydanı deyil, beynəlxalq səviyyədə söz sahibi olan ciddi geosiyasi mərkəzə çevrilib. İlham Əliyev Qırğız Respublikasına uğurlu sədrliyinə görə təşəkkürünü bildirdi və Azərbaycanın təşkilatın Katibliyinə 2 milyon ABŞ dolları ianə etdiyini elan etdi. Prezident qeyd etdi ki, türk dövlətlərini birləşdirən ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər onları bir ailəyə çevirir və bu birliyin gələcəyi möhkəm əsaslar üzərində qurulub. İlham Əliyev sülh və təhlükəsizlik məsələlərinin əhəmiyyətindən danışaraq bildirdi ki, bu prinsiplər olmadan inkişaf mümkün deyil. O, TDT-nin təməl sənədi olan Naxçıvan Sazişinə istinad edərək türk ölkələrinin bu istiqamətdə birgə fəaliyyətinin vacibliyini vurğuladı. Prezident xüsusilə hərbi əməkdaşlığın əhəmiyyətinə toxundu və Türkiyə ilə birgə keçirilən çoxsaylı təlimləri xatırladaraq, 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Dövlət başçısı bildirdi ki, hərbi güc hər bir dövlətin müstəqilliyinin və suverenliyinin təminatıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu qeyd edən İlham Əliyev dedi ki, bu qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ədalət və azadlıq uğrunda mübarizəsinin təntənəsidir. Prezident əlavə etdi ki, Azərbaycan sülh gündəliyini irəli aparmaqda qərarlıdır və Ermənistanla Vaşinqtonda paraflanmış sülh sazişi Cənubi Qafqazda yeni dövrün başlanğıcı olacaq. İlham Əliyev nəqliyyat və enerji məsələlərinə də toxunaraq qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır, Orta Dəhliz üzrə yükdaşımalar 90 faiz artıb və ölkəmiz regionun mühüm logistika mərkəzinə çevrilib. O, Zəngəzur dəhlizinin açılmasının türk dünyasının iqtisadi inteqrasiyasına yeni nəfəs verəcəyini bildirdi. Enerji təhlükəsizliyinə dair çıxışında Prezident vurğuladı ki, Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu sahədə etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, ölkəmiz bərpaolunan enerji sahəsində ciddi addımlar atır, 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bu mənbələrdən təmin etməyi planlaşdırır. İlham Əliyev çıxışında iqtisadi əməkdaşlığa da diqqət çəkdi və bildirdi ki, Azərbaycan qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb, həmçinin Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə çoxsaylı layihələrin həyata keçirilməsi planlaşdırılır. Prezident nitqinin sonunda tarixi bir məqama da toxunaraq, gələn il Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illiyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif etdi. İlham Əliyev həmçinin Qarabağın və Şərqi Zəngəzurun bərpasında qardaş ölkələrin dəstəyini xüsusi minnətdarlıqla qeyd etdi. O, Füzuli, Ağdam və Cəbrayılda tikilən məktəblərin, məscidlərin və infrastruktur layihələrinin türk həmrəyliyinin canlı nümunəsi olduğunu dedi. Prezident çıxışını belə bir səmimi ifadə ilə yekunlaşdırdı: “Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.” Bu çıxış bir daha göstərdi ki, Azərbaycan Türk dünyasının həm siyasi, həm iqtisadi, həm də mədəni birliyinin mərkəzində dayanır və İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz türk dövlətləri arasında həmrəyliyin, sabitliyin və tərəqqinin möhkəmlənməsinə böyük töhfə verir.
Xocalı rayon ziyalısı Ayşə Əliyeva