Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 21 aprel tarixində Çinin dövlət xəbər agentliyi “Sinxua”ya verdiyi geniş müsahibə, ölkənin həm daxili siyasətində, həm də beynəlxalq arenada tutduğu strateji mövqelərin dərin təhlilinə əsaslandı. Prezidentin çıxışı Azərbaycanın gələcək iqtisadi və siyasi prioritetlərini, xüsusilə Çinlə əməkdaşlıq müstəvisindəki vizyonunu aydın şəkildə əks etdirdi.
İlham Əliyev qeyd etdi ki, Azərbaycan üçün Çin mühüm tərəfdaşdır və iki ölkə arasında dostluq münasibətləri qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulub. Prezident Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin Azərbaycanın inkişaf strategiyası ilə üst-üstə düşdüyünü və bu platformanın ölkəyə yeni iqtisadi imkanlar açdığını qeyd etdi.
Enerji sahəsindəki dönüş nöqtələrinə toxunan İlham Əliyev, Azərbaycanın bərpa olunan enerji sektoruna keçid planlarından danışdı. O bildirdi ki, artıq beynəlxalq investisiyalar bu sahəyə cəlb olunub və Çin şirkətləri də bu prosesdə fəal iştirak edir. Xüsusilə günəş və külək enerjisi sahəsində texnologiyaların tətbiqi ilə bağlı Çin təcrübəsinin öyrənilməsi və lokallaşdırılması istiqamətində konkret planların həyata keçirildiyi vurğulandı.
Prezident həmçinin Azərbaycanın multikulturalizm, tolerantlıq və sülhə çağırış siyasətinə də toxundu. O, bildirdi ki, Azərbaycan beynəlxalq səviyyədə bu dəyərləri təşviq etməklə, qlobal sabitlik və inkişafın təmin olunmasına töhfə verməyə çalışır. Çinlə bu sahədə ortaq maraqların mövcud olduğunu, hər iki ölkənin dünyada qarşılıqlı anlaşma və əməkdaşlığa töhfə verməkdə maraqlı olduğunu qeyd etdi.
İlham Əliyevin bu müsahibədə verdiyi mesajlar, Azərbaycanın müasir çağırışlara uyğun olaraq çevik və strateji qərarlar qəbul etdiyini, həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaşlıq siyasəti apardığını bir daha nümayiş etdirdi. Bu çıxış, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.
Xocalı rayon ziyalısı Vüsal Mustafayev