Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
SİVAS - XOCALI QARDAŞLIQ KÖRPÜSÜ

5/5

  • Hamımızın bildiyi kimi antiterror əməliyyatı vaxtı şüarımız "Xan, kəndinə qayıdır!" sözü idi. Xankəndi, Əsgəran, Ağdərə, Xocavəndin bəzi hissələri və nəhayət ki, Xocalımıza qovuşa bildik. Sözsüz ki, xoşbəxtliyimizi vəsf etməyə sözlər qabil deyil. Amma indi ürəyimizi yandıran fevral ayı gəlib çıxıb. Bu ay ümumiyyətlə bütün Azərbaycan və Türkiyə Türkləri üçün matəm ayıdır. Xocalı soyqırımının ildönümünü yad etməzdən əvvəl əziz Xocalı əhalisinə, Xocalı rayon İcra Hakimiyyətinə, ziyalılara və məmurlara müraciət etmək istəyirəm. Bunu birinci Türkiyə vətəndaşı bacınız kimi və Xocalı sevdalısı soydaşınız kimi edəcəyəm.

    Xocalıya qayıdış müqəddəs qayıdışdır. Nisgilimiz, həsrətimiz, ən yaralı yerimiz budur. Əlbəttə, yaralarımız həmişə sızıldayacaq, amma şəhidlərimizin müqəddəs ruhları bir az da olsa sərinlik tapacaq.

    Fikrimcə Xocalıda bərpa-quruculuq işləri aparılarkən 1992-ci ilə qədər yaşayışın olduğu şəhər mərkəzi eynilə qorunub saxlanılmalıdır. Dünyanın ən böyük şəhər muzeyi Xocalı olmalıdır. Şübhəsiz qan yaddaşımız üçün abidə qoyulmalıdır, amma qədim şəhərin görünüşü eyni qalmalıdır. Bundan sonra xocalılı soydaşlarımızın yaşayacağı təzə şəhər bir az daha uzaq yerdə ola bilər. Tarixi abidələrdən başqa yaşayış məntəqələrində təzə tikilmiş binalar olmalıdır.
    Bu Xocalı əhalisinin psixoloji cəhətdən sağlamlığı və təzədən həyat qurmaları üçün lazımdır. Xocalıda hər evdən yüksələn fəryadlar göydə hələ də əks-səda verir. Buna görə də soydaşlarımızın rahatlığı hərtərəfli təmin edilməlidir.

    Bundan başqa Xocalıda Azərbaycan və Türkiyənin əbədi qardaşlığını özündə əks etdirən abidələr və incəsənət əsərləri tikilməlidir. Türkiyədən gələn ziyalılar elmi konfranslar, simpoziumlar keçirməlidirlər. Bu barədə çox böyük işlər görmək mümkündür. Məsələn, Türkiyənin millətçi sindikatı Türkiye Kamu-Sen-ə tabe olan Türk Eğitim-Sen adlanan sindikat müəllimlər və elmi işçilərə məxsusdur və maarifləndirici xarakter daşıyır. Həmin sindikatlar ölkənin hər yerində müəllimlər və akademiklərin haqlarını müdafiə etməkdən əlavə elmi konfranslar və tədbirlər təşkil edirlər. Xocalıda həmin sindikatın başçıları həm təhsil üzrə, həm də Xocalının qədim tarixi, mədəniyyəti üzrə maarifləndirici tədbirlərdə iştirak edə bilərlər. Bu həm də Azərbaycan və Türkiyə qardaşlığının daha möhkəmlənməsi üçün mühüm rol oynaya bilər. Məsələn, Türk Eğitim-Sen Sivas şöbəsinin sədri Yüksel Yiğit (Yüksəl İgid) və müavini Babür Çakıcı (Babur Çaxıçı), türkçü-turançı ziyalılardır. Yüksel və Babür bəylərin də olduğu bir tədbirdə Elxanilər dövrü və sonrakı dövrlərdə Xocalı və Sivasda sufilik, əxili kimi mövzularda aparılan elmi araşdırmalardan danışılsa çox fərqli və əla bir iş görülmüş olar.

    Xocalı rayon İcra Hakimiyyəti orqanlarının rəhbərlərinə tövsiyələrimi təqdim edərkən bunu da demək istəyirəm ki, Türkiyənin müxtəlif şəhərlərində qardaş şəhər müqavilələri bağlamaq Xocalıya hərtərəfli dəstək üçün lazımdır. Başda qədim Səlcuqlu şəhərlərindən Sivas, Ərzurum, Kayseri, Konya olmaqla əhalisi Azərbaycana çox yaxın olan Türk şəhərləri ilə əməkdaşlıq edilməlidir. Məsələn, Sivasda Xocalı soyqırımı abidəsi də vardır. 44 günlük Vətən Müharibəsində Sivas xalqı öz qardaşları üçün ayağa qalxan şəhərlərdən biri olmuşdur. Türkiyənin çox şəhərlərində Xocalı soyqırımı abidələri vardır və hər il soyqırım qurbanlarını anım yürüşü, sərgilər, konfranslar təşkil olunur. Buna görə də soydaşlıq şüuru daşıyan Türkiyə şəhərləri ilə əlaqələr sıx olmalıdır. Bundan başqa Xocalının mətbuat orqanları ilə Türkiyənin mətbuat orqanları arasında müqavilə bağlanması da iki qardaş ölkənin və ümumiyyətlə Türk dünyasının sarsılmaz birliyini təmin edə bilər.

    26 Fevralda qan yaddaşımız Xocalı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad edəcəyik. Bununla bağlı neçə-neçə kitab yazılsa, sənədli filmlər çəkilsə, tədbirlər təşkil olunsa da, bu acını ifadə etmək qabil deyil. Bundan sonra bizim tək təsəllimiz Xocalıda üçrəngli müqəddəs bayrağımızın dalğalanmasıdır.

    Xocalılı soydaşlarımızın tezliklə ata-baba yurdlarına qayıtmasını görmək ürəyimizin yanğınını bir az da olsa söndürəcək. Əziz qardaş və bacılarımızın sevincinə şərik olmaqdan daha böyük xoşbəxtlik ola bilməz. İnşallah bundan sonra Qərbi Azərbaycanımızın azadlığını görmək qismət olar. İndi Zəngəzur, Göyçə, İrəvan üçün ayağa durmaq lazımdır.

    Əziz xocalılı soydaşlarımızın qabağında hörmətlə baş əyirəm. Xocalımıza tezliklə qovuşmaq diləyi ilə...
    Dilara ALTAŞ,
    Tarix üzrə fəlsəfə doktoru
    Sivas şəhəri, 04 Fevral 2024
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər
    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib352 dəfə
    sİvas xocali qardaŞliq kÖrpÜsÜ

    Maraqlı gələ bilər
    63
    33
    27