0
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolunun mühüm mərhələlərini əhatə etməklə yanaşı, təbii sərvətlərdən səmərəli istifadənin ölkənin uğurlarının əsasını təşkil etdiyini bir daha nümayiş etdirdi.
Dövlət başçısı xatırladıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ağır iqtisadi və siyasi böhran yaşayırdı. Ölkə ərazisinin 20 faizi işğal altında idi, bir milyondan çox qaçqın və məcburi köçkün mövcud idi, yoxsulluq səviyyəsi 50 faizdən çox təşkil edirdi. Elektrik enerjisi və təbii qaz idxal olunur, iqtisadiyyat dərin böhran içində idi.
Belə bir vəziyyətdə Azərbaycanın yeganə çıxış yolu malik olduğu enerji resurslarından düzgün istifadə etmək idi. Məhz buna görə də ölkə Xəzər dənizinin enerji ehtiyatlarını beynəlxalq investisiyalara açdı və qısa müddətdə böyük enerji layihələrinin həyata keçirilməsinə nail oldu.
Prezident İlham Əliyev vurğulayıb ki, əldə olunan gəlirlər sosial infrastrukturun inkişafına, yeni məktəblərin, xəstəxanaların tikintisinə, yol və enerji infrastrukturunun yenilənməsinə yönəldilib. Nəticədə yoxsulluq səviyyəsi 5 faizə qədər azalıb, işsizlik minimum həddə enib, ölkənin xarici borcu isə ÜDM-in cəmi 6 faizindən bir qədər çox hissəsini təşkil edir.
Azərbaycanın valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstəricilər ölkənin maliyyə dayanıqlığını və həyata keçirilən iqtisadi siyasətin uğurunu təsdiq edir. Dövlət başçısı qeyd edib ki, ölkələr sahib olduqları təbii sərvətlərə görə deyil, həmin sərvətlərdən əldə olunan gəlirləri necə idarə etdiklərinə görə qiymətləndirilməlidirlər.
Azərbaycanın inkişaf modeli göstərir ki, milli maraqlara söykənən siyasət, düzgün idarəçilik və strateji baxış təbii sərvətləri ölkənin hərtərəfli inkişafının əsas hərəkətverici qüvvəsinə çevirə bilər. Bu təcrübə bu gün inkişaf etməkdə olan bir çox ölkələr üçün nümunə hesab olunur.
Xocalı rayon ziyalısı Zülfü Quliyev.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 3 həft. öncə |
| İzlənib | 33 dəfə |