Türkmənbaşı Sammiti: Qardaşlıqdan Strateji İttifaqa
2025-ci il avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan prezidentlərinin yüksək səviyyəli Zirvə görüşü keçirildi. Görüş həm üçtərəfli əməkdaşlıq formatının yaranması, həm də türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi baxımından tarixi hadisə kimi qiymətləndirilir.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında vurğuladı ki, Türkmənistan sabitlik və inkişaf yolunda etibarlı əllərdədir. Onun sözlərinə görə, Avaza şəhərində müşahidə olunan sürətli tərəqqi ölkədə dövlət idarəçiliyinin düzgün istiqamətdə aparıldığını göstərir. İmzalanan sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması haqqında sənəd isə xalqlarımızın əsrlərdən gələn birliyinin rəmzi hesab olunur.
Türkmənistanla Azərbaycanın mövqelərinin üst-üstə düşməsi barədə danışan dövlət başçısı iki ölkənin bütün sahələrdə çiyin-çiyinə irəlilədiyini qeyd edib. Xüsusilə Füzulidə türkmən xalqının hədiyyəsi olan məscidin inşası qərarı dostluq və qardaşlığın parlaq nümunəsi kimi dəyərləndirilib.
İlham Əliyev çıxışında Özbəkistanın Qarabağın dirçəlişinə verdiyi töhfələri də yüksək qiymətləndirib. Xankəndidə fəaliyyət göstərən böyük tikiş fabriki və Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin açılışı Azərbaycanın sosial və mədəni həyatına böyük dəstəkdir. Prezidentin sözlərinə görə, bu layihələr sadəcə dostluq jesti deyil, həm də real əməkdaşlığın bariz göstəricisidir.
Zirvə görüşünün ən mühüm nəticələrindən biri isə üç ölkə arasında yeni əməkdaşlıq mexanizminin yaradılmasıdır. Azərbaycan Prezidentinin tapşırığına əsasən, nəqliyyat, tranzit, enerji, neft-qaz və mədəniyyət sahələrində konkret layihələrin hazırlanmasına başlanılıb.
İlham Əliyev bəyanatında vurğulayıb ki, bu Zirvə tarixi hadisədir və bölgədə sülh, sabitlik və tərəfdaşlığa əsaslanan yeni əməkdaşlıq səhifəsi açır. Azərbaycan, Türkmənistan və Özbəkistanın birgə səyləri yalnız regional deyil, həm də beynəlxalq miqyasda Türk dünyasının gücünü artıracaq.
Türkmənbaşı sammiti göstərdi ki, bu gün türk dövlətləri təkcə ortaq tarix və mədəniyyətlə deyil, həm də müasir çağırışlara cavab verən konkret əməkdaşlıq mexanizmləri ilə bir-birinə bağlanır. Bu isə gələcəkdə regionun siyasi və iqtisadi xəritəsində yeni imkanların açılacağından xəbər verir.
Xocalı rayon ziyalısı Quliyev Bəxtiyar