Azərbaycan xalqı tarix boyu bir çox çətinliklər və ağır sınaqlarla üzləşmişdir. Lakin 1918-ci ilin mart ayında baş vermiş hadisələr milli yaddaşımızda ən qanlı və ağrılı səhifələrdən biri kimi qalmışdır. Bu hadisələr xalqımıza qarşı həyata keçirilmiş kütləvi qətllərin və soyqırımı aktlarının bariz nümunəsidir. Erməni millətçiləri tərəfindən həyata keçirilən bu qırğınlar təkcə bir xalqın yox edilməsi məqsədini daşımırdı, həm də qədim Azərbaycan torpaqlarının yerli əhalidən təmizlənməsinə yönəlmişdi.
1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi. Bolşeviklərin və daşnak silahlı dəstələrinin birgə həyata keçirdiyi bu cinayətlər nəticəsində minlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla qətlə yetirildi. Bakı ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan və digər bölgələrdə də kütləvi soyqırımı həyata keçirildi. Bu hadisələr zamanı yüzlərlə kənd yerlə-yeksan edildi, minlərlə insan evlərindən didərgin salındı.
Xüsusilə Şamaxı və Quba qırğınları tarixdə ən dəhşətli hadisələrdən biri kimi qalmaqdadır. Şamaxıda 7000-ə yaxın dinc sakin qətlə yetirilmiş, Qubada isə aparılan tədqiqatlar nəticəsində 4000-dən çox insanın qətlə yetirildiyi müəyyən edilmişdir. 2007-ci ildə Quba şəhərində aparılan qazıntılar zamanı aşkarlanan kütləvi məzarlıq erməni millətçilərinin törətdikləri vəhşiliklərin canlı sübutudur.
Azərbaycan xalqı bu tarixi hadisələri heç vaxt unutmur və unutmayacaq. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan olundu və bu tarixdən etibarən hər il rəsmi şəkildə anım tədbirləri keçirilir. Bu qərar soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək və dünya ictimaiyyətinə bu faciəni tanıtmaq məqsədi daşıyır.
Erməni millətçilərinin törətdiyi cinayətlər təkcə tarixi fakt kimi deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınmalıdır. Azərbaycan hökuməti bu istiqamətdə mühüm addımlar ataraq dünya ictimaiyyətinin diqqətini bu faciəyə cəlb etməyə çalışır. Hər bir azərbaycanlı üçün bu hadisələrin unudulmaması, gələcək nəsillərə ötürülməsi və beynəlxalq miqyasda tanıdılması böyük bir vəzifədir.
31 mart Azərbaycan xalqı üçün təkcə bir anım günü deyil, həm də tarixdən dərs çıxarmaq, milli birliyimizi gücləndirmək və gələcək nəsillər üçün həqiqətləri qorumaq günüdür. Biz bu faciəni unutmadan, onun qurbanlarının xatirəsini daim yaşadaraq və tariximizi gələcək nəsillərə çatdıraraq, xalqımızın haqq səsini dünyaya çatdırmalıyıq. Bu, bizim milli borcumuzdur!
Xocalı rayon ziyalısı Elşən Nəsibov