Azərbaycan Respublikasının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinə, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrası məqsədilə Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dövlət qulluqçularının etik davranış məsələlərinə həsr olunmuş maarifləndirici təlim keçirilmişdir.
Təlimdə Xocalı Rayon İcra Hakimiyyətinin aparatının əməkdaşları, Həmkarlar İttifaqının Xocalı rayonu üzrə nümayəndəsi, rayon üzrə icra nümayəndəliklərinin, Vətəndaşların qəbulu və müraciətlərlə iş şöbəsinin, habelə Hüquq şöbəsinin əməkdaşları iştirak etmişlər. Təlimin aparıcısı Xocalı Rayon İcra Hakimiyyətində etik davranış qaydaları üzrə etik müvəkkil Lamiyyə Qarayeva etik davranış qaydalarının mahiyyəti, məqsədləri və dövlət qulluğunda tətbiqi mexanizmləri haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, etik davranış qaydalarına riayət edilməsi dövlət qulluqçusunun peşəkarlığının, vicdanlılığının və məsuliyyətinin göstəricisidir. Eyni zamanda korrupsiyanın qarşısının alınması, maraqların toqquşmasına yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşılması etik davranışın əsas prinsipləri kimi diqqətə çatdırılmışdır.
Lamiyyə xanım vurğulamışdır ki, etik müvəkkilin əsas vəzifələrindən biri dövlət qulluqçularının bu sahədə maarifləndirilməsi, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və daxil olan müraciətlərin obyektiv araşdırılmasıdır.
Daha sonra rayon üzrə icra nümayəndəliklərinin təmsilçiləri çıxış edərək etik davranış qaydalarının gündəlik xidməti fəaliyyət zamanı tətbiqi, vətəndaşlarla münasibətlərdə nəzakət, qərəzsizlik və məsuliyyət prinsiplərinin əhəmiyyəti barədə qısa məlumat vermişlər.
Vətəndaşların qəbulu və müraciətlərlə iş şöbəsinin əməkdaşları vətəndaş müraciətlərinə baxılarkən etik davranış qaydalarına əməl edilməsinin, müraciət edən şəxslərin hüquq və qanuni maraqlarına hörmətlə yanaşılmasının vacibliyini qeyd etmişlər.
Tədbirin sonunda etik müvəkkil Lamiyyə Qarayeva “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun əsas müddəaları, etik davranış qaydalarının pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri və bu sahədə hüquqi tənzimləmə mexanizmləri barədə hüquqi izahlar verdi.
Tədbir zamanı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun maddələri üzrə slayd təqdimatı nümayiş etdirilmişdir. Slaydlarda Qanunun əhatə dairəsi, məqsədləri, vicdanlı davranış, peşəkarlıq, loyallıq, ictimai etimad, qərəzsizlik, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə bağlı məhdudiyyətlər, maraqların toqquşmasının qarşısının alınması, dövlət əmlakından və məlumatlardan istifadə qaydaları, habelə etik davranış qaydalarına nəzarət mexanizmləri ətraflı şəkildə izah edilmişdir.