1992-ci il 21 noyabr Azərbaycan siyasi tarixinin dönüş nöqtəsidir. Həmin gün Naxçıvanda keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının yaradılması təkcə yeni bir siyasi təşkilatın formalaşması deyil, eyni zamanda dövlətçiliyin xilasını təmin edən, ölkəni ideoloji və siyasi boşluqdan çıxaran tarixi bir qərar idi. O illərdə Azərbaycan dərin böhran içində idi – hakimiyyətsizlik, separatizm təhlükəsi, vətəndaş qarşıdurması ehtimalı, iqtisadi çöküş, ordunun pərakəndəliyi ölkəni uçurumun kənarına gətirib çıxarmışdı. Belə bir şəraitdə ölkənin taleyini düşünən ziyalıların – “91-lər”in Heydər Əliyevə müraciət etməsi xalqın iradəsini ifadə edən cəsarətli və məsuliyyətli addım oldu. Müraciətdə Ulu Öndərdən yeni yaradılacaq siyasi təşkilata rəhbərlik etməsi xahiş edilmiş, bu təşəbbüs dövlətin gələcəyinə dair ümumxalq inamının ifadəsi kimi tarixə düşmüşdür.
Ulu Öndər Heydər Əliyevin həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını “obyektiv zərurət” kimi qiymətləndirməsi isə Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransında partiyanın Nizamnaməsi və Proqramı qəbul olundu, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu qərar ölkənin gələcək istiqamətini müəyyən etdi və xalqın öz xilaskar lideri ətrafında bir daha birləşdiyini nümayiş etdirdi.
YAP yarandığı ilk gündən dövlətçilik maraqlarını, milli birliyi, sabitliyi, hüquqi dövlət prinsiplərini prioritet götürdü. Ulu Öndər Heydər Əliyev partiyanı qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevirdi və özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” modelini formalaşdırdı. YAP-ın fəaliyyəti nəticəsində demokratik siyasi ənənələr möhkəmləndi, siyasi plüralizmə, sağlam rəqabətə və dialoqa əsaslanan müasir siyasi mühit yarandı. Partiyanın təşəbbüsləri Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında həlledici rol oynadı.
2005-ci ildə keçirilen III qurultay YAP-ın tarixində mühüm mərhələ oldu. Cənab İlham Əliyevin partiya sədri seçilməsi ilə YAP-da siyasi varislik prinsipi təsdiqləndi və Heydər Əliyev siyasi kursu yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirildi. Prezident İlham Əliyevin son 20 ilə yaxın dövrdə həyata keçirdiyi islahatlar, müasir dövlət quruculuğu, iqtisadi yüksəliş, ordu quruculuğu, beynəlxalq arenada əldə olunan nüfuz və ən əsası, torpaqların işğaldan azad edilməsi YAP-ın dövlətçilik missiyasının nə qədər doğru olduğunu bir daha sübut etdi. Onun YAP-ın VII qurultayında səsləndirdiyi “Həyat göstərdi ki, biz tarixi uğurlara imza atdıq” fikri bu dövrün mahiyyətinə verilən ədalətli qiymətdir.
YAP bu gün 730 mindən çox üzvü ilə Cənubi Qafqazın ən böyük siyasi partiyası olmaqla yanaşı, həm də cəmiyyətin bütün qütblərini birləşdirən güclü təşkilati platformadır. Partiyanın üzvlərini səciyyələndirən əsas göstəricilər – dövlətə sədaqət, vətəndaş məsuliyyəti, milli maraqlara bağlılıq və yüksək siyasi mədəniyyətdir. Partiya irqindən, dini mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq bütün vətəndaşları ümumi ideyalar ətrafında birləşdirən açıq, inklüziv siyasi institut kimi formalaşmışdır.
2021-ci ildə keçirilən VII qurultay YAP-ın gələcək inkişaf strategiyasını müəyyən edən mühüm hadisə oldu. Yeni Nizamnamənin və Proqramın qəbul edilməsi, Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin olunması, idarəetmə strukturlarının yenilənməsi partiyanın müasir dövrün tələblərinə uyğunlaşdırıldığını göstərdi. Yeni Proqramda Heydər Əliyev yolu, müstəqillik, dövlətçilik, qanunun aliliyi, konstruktiv dialoq, sosial ədalət, multikulturalizm kimi strateji dəyərlər müəyyən olunub. Bu dəyərlər YAP-ın siyasi ideologiyasının əsas sütunlarını təşkil edir. Həmçinin partiyanın 11 strateji hədəfi – iqtisadi inkişafdan tutmuş vətəndaş cəmiyyəti quruculuğuna, milli həmrəylikdən tutmuş işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa qədər ölkənin qarşısında duran tarixi vəzifələri əhatə edir.
YAP-ın təşəbbüsü ilə formalaşan yeni siyasi dialoq mühiti ölkədə siyasi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə fərqli fikir ola bilməz” fikri dövlətçilik maraqlarının hər şeydən üstün tutulmasını və milli həmrəyliyin əsas prinsip kimi qəbul edilməsini ifadə edir. Bu gün YAP siyasi sabitliyin, inkişafın və sağlam ictimai münasibətlərin təminatçısı rolunu oynayır.
Son illər keçirilmiş seçkilərin nəticələri – 2024-cü il prezident seçkilərində 92,12 faiz səs, 2024-cü ilin parlament seçkilərində 68 deputat yeri, 2025-ci il bələdiyyə seçkilərində üstünlük – xalqın Yeni Azərbaycan Partiyasına və onun lideri cənab İlham Əliyevə olan yüksək etimadının bariz təzahürüdür.
1992-ci il 21 noyabrda əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün yeni zirvələrə doğru inamla addımlayan, müasir dövlətçilik ideyalarını reallaşdıran, milli birlik və sabitlik faktorunu təmin edən güclü siyasi təşkilatdır. YAP-ın tarixi Heydər Əliyevin dahi siyasəti ilə başlayıb, Prezident İlham Əliyevin liderliyi ilə davam edən inkişaf yolu isə Azərbaycanı gələcəyə aparan strateji xətti müəyyən edir. Bu yol dövlətçilik, milli maraqlar, tərəqqi və güclü Azərbaycan ideyaları üzərində qurulmuş möhtəşəm bir tarixi missiyanın davamıdır.
Xocalı rayon ziyalısı Vasif Bağırov