0
Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər il böyük qürur və ehtiramla qeyd olunur. Bu əlamətdar tarix müstəqil Azərbaycanın gücünün, təhlükəsizliyinin və ərazi bütövlüyünün əsas təminatçısı olan Milli Ordumuzun şanlı inkişaf yolunu özündə əks etdirir.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan Korpusunun yaradılması barədə qərarın qəbul edilməsi ölkəmizdə milli hərbi quruculuğun əsasını qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən isə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.
Azərbaycan Ordusunun müasir inkişaf mərhələsi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1969-cu ildən etibarən onun rəhbərliyi altında milli hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılmış, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır. Bu təhsil ocağı sonrakı illərdə minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynamışdır.
Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü və nizami ordunun olmaması dövlətimizin təhlükəsizliyinə ciddi təhdid yaradırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə nizami ordu quruculuğuna başladı, silahlı birləşmələri vahid komandanlıq altında birləşdirdi və Azərbaycan Ordusunun inkişafının möhkəm təməlini yaratdı.
Ulu Öndərin müəyyən etdiyi ordu quruculuğu siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Son illər ərzində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, müasir silah və texnika ilə təchiz olunmuş, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam təmin olundu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, peşəkarlığını və qüdrətini bir daha sübut etdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri hesab olunur. Ordumuz müasir hərbi texnologiyalar, yüksək peşəkarlığa malik şəxsi heyət və güclü vətənpərvərlik ruhu ilə seçilir. Hərbi sənayenin inkişafı, komando hərbi hissələrinin yaradılması, beynəlxalq təcrübənin tətbiqi və müasir idarəetmə sistemi ordumuzun qüdrətini daha da artırır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, veteranlarımızı və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrini dərin ehtiramla yad edir, Azərbaycan Ordusuna yeni uğurlar arzulayırıq.
Qüdrətli Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, xalqımızın təhlükəsizliyinin və şanlı Zəfərimizin əsas təminatçısıdır.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 4 gün öncə |
| İzlənib | 23 dəfə |