Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüş iki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu görüş çərçivəsində siyasi, iqtisadi, müdafiə və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olundu.
Görüşdə beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi vurğulandı və geniş iqtisadi gündəlik müzakirə olundu. Azərbaycanın Pakistanda həyata keçirməyə hazır olduğu minimum 2 milyard dollarlıq sərmayə layihələri xüsusi diqqət mərkəzində oldu. Bu məqsədlə heyətlərə bir ay ərzində müvafiq sənədlərin hazırlanması tapşırıldı. İmzalanmış sazişlər iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin güclənməsinə əsaslı töhfə verəcək.
İkitərəfli əməkdaşlıq yalnız iqtisadi sahələrlə məhdudlaşmır. Görüşdə müdafiə sənayesi sahəsində birgə istehsal imkanları da müzakirə olundu. Azərbaycan artıq Pakistan istehsalı olan müdafiə sənayesi məhsullarını əldə edir və bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur.
Nəqliyyat və kommunikasiya sahəsində də tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu nəzərə alınaraq, Pakistan ilə bu sahədə yeni imkanların araşdırılması planlaşdırılır. Bu, təkcə iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.
Bakıda keçirilən Azərbaycan-Pakistan biznes-forumu iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynadı. Forum çərçivəsində ticarət və investisiya sahələrində əməkdaşlıq imkanları geniş müzakirə edildi. Forum zamanı Azərbaycanın Pakistan iqtisadiyyatına sərmayə yatırmaq niyyəti bir daha təsdiq olundu. Sərmayələrin əsasən enerji, infrastruktur və sənaye sahələrinə yönəldilməsi nəzərdə tutulur.
Enerji sahəsində də Azərbaycan və Pakistan arasında ciddi əməkdaşlıq planları mövcuddur. Görüş çərçivəsində maye qaz, neft məhsulları və enerji infrastrukturu sahələrində imzalanan sənədlər bu istiqamətdə konkret addımların atılacağını göstərir.
İmzalanan sazişlər arasında kənd təsərrüfatı, ekoloji əməkdaşlıq, gömrük prosedurlarının sadələşdirilməsi, elmi-tədqiqat fəaliyyəti və peşə təhsili sahələrində də əməkdaşlığı əhatə edən sənədlər yer aldı. Bu razılaşmalar ölkələr arasında əməkdaşlığın geniş spektrini əks etdirir və gələcək əlaqələrin inkişafına mühüm təkan verəcək.
Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri tarixən güclü olub. Pakistan, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuş və ölkəmizin suverenliyini daim dəstəkləmişdir. Bu gün isə iki ölkə arasındakı əlaqələr təkcə siyasi və diplomatik müstəvidə deyil, həm də iqtisadi, müdafiə və enerji sektorlarında daha da dərinləşməkdədir. İmzalanmış yeni sazişlər və qarşılıqlı səfərlər bu münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Xocalı rayon ziyalısı Anar Əliyev