Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Müstəqilliyimizin Qalası və Güc Mənbəyi

0


  • Azərbaycan Silahlı Qüvvələri müstəqil dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin əsas dayaqlarından biridir. Hər il iyunun 26-sı – Silahlı Qüvvələr Günü münasibətilə xalqımız öz ordusuna olan inamını, güvənini, ehtiramını bir daha nümayiş etdirir. Bu əlamətdar günün qeyd olunması yalnız hərbi bayram deyil, həm də tarixə, milli kimliyə, vətənə sədaqətin və qəhrəmanlıq ənənələrinin yaşadılmasının təntənəsidir.
    Azərbaycan Ordusunun formalaşması və inkişafı prosesi, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq onun rəhbərliyi altında ölkəmizdə milli zabit kadrlarının hazırlanmasına sistemli şəkildə başlanıldı. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması, gənclərin hərbi təhsilə cəlb olunması və SSRİ-nin nüfuzlu hərbi məktəblərində azərbaycanlıların sayının artırılması bu istiqamətdə atılan mühüm addımlardan oldu.
    Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkənin qarşısında duran əsas vəzifələrdən biri güclü ordu quruculuğu idi. Təəssüf ki, müstəqilliyin ilk illərində bu sahədə ciddi xaos hökm sürürdü. Müxtəlif silahlı dəstələr dövlətə deyil, fərqli maraqlara xidmət edirdi. Bu da Ermənistanın torpaqlarımıza təcavüzünü asanlaşdırırdı. Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində nizami ordu quruculuğuna start verdi, silahlı dəstələr ləğv olundu, vahid komandanlıq sistemi yaradıldı.
    1994-cü ildə imzalanan atəşkəs razılaşmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və gücləndirilməsi prosesinə yeni təkan verildi. Orduya müasir texnika gətirildi, şəxsi heyətin hazırlığı artırıldı. 1998-ci ildə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü kimi elan olunması bu sahəyə dövlət səviyyəsində verilən yüksək dəyərin göstəricisidir. 1999-cu ildə yaradılan Hərbi Akademiya, eləcə də 2001-ci ildə həyata keçirilən hərbi təhsil islahatları isə peşəkar zabit korpusunun yetişdirilməsi istiqamətində mühüm rol oynadı.
    Azərbaycanın NATO ilə əməkdaşlığa başlaması, xüsusən "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması ölkə ordusunun beynəlxalq standartlara uyğunlaşdırılması üçün əhəmiyyətli addım oldu. Azərbaycanın hərbçiləri beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edərək döyüş təcrübəsi qazandılar, müasir hərbi idarəetmə sistemlərini mənimsədilər.
    Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu siyasəti daha da gücləndi. Müasir texnologiyalarla silahlanma, hərbi infrastrukturun yenilənməsi, kadr hazırlığının təkmilləşdirilməsi, hərbçilərin sosial təminatının yaxşılaşdırılması dövlətin prioritet istiqamətlərindən biri oldu. Eyni zamanda, Azərbaycanın hərbi sənaye kompleksi formalaşdı və bu gün ölkəmiz artıq mindən çox hərbi məhsulu özündə istehsal edə bilir.
    Bu məqsədyönlü siyasətin ən böyük nəticəsi 2020-ci ildə baş verən Vətən müharibəsi oldu. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun peşəkarlığı sayəsində 44 gün ərzində işğal altındakı torpaqlarımız azad olundu. Bu qələbə yalnız hərbi sahədə deyil, siyasi və mənəvi baxımdan da böyük zəfər idi. Müzəffər Azərbaycan Ordusu öz tarixinin ən parlaq səhifəsini yazdı və dünya bir daha şahid oldu ki, xalq-ordu birliyi qarşısında heç bir güc dayana bilməz.
    Bu gün Azərbaycan Silahlı Qüvvələri regionda ən qüdrətli orduya çevrilmişdir. Beynəlxalq reytinqlərdə ilk sıralarda yer alan ordumuz dövlət müstəqilliyinin etibarlı təminatçısı kimi çıxış edir. Orduda xidmət isə hər bir azərbaycanlı üçün şərəf və vətənə sədaqət nümunəsidir.
    Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan əsgərinə, zabitinə, bütün hərbi qulluqçulara xalqımızın minnətdarlığı və ehtiramı sonsuzdur. Onlar müstəqil Azərbaycanın güc rəmzidir, gələcəyimizin təminatçısıdır. Azərbaycanın üçrəngli bayrağı daim yüksəklərdə dalğalansın deyə, güclü ordumuz var və olacaq.
    Xocalı rayon ziyalısı Mahnur Məmmədova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib12 dəfə
    Müstəqilliyimizin Qalası Güc Mənbəyi

    Maraqlı gələ bilər
    181