Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qanla yazılan azadlıq dastanı

0


  • Hər ilin bu günü Azərbaycan xalqı böyük kədər və eyni zamanda böyük qürurla şəhidlərini anır. 20 Yanvar gecəsi sadəcə bir faciə deyil, eyni zamanda bir millətin öz azadlığı uğrunda ayağa qalxdığı, heç nədən çəkinmədən irəlilədiyi bir gündür. Həmin gecə Bakı küçələri qanla yuyulsa da, o qan millətimizin azadlıq toxumlarını suvarmağa bəs etdi.

    1980-ci illərin sonları. Qanayan Qarabağ yarası, sovet rejiminin haqsızlıqları, milli kimliyimizin sıxışdırılması... Artıq xalq susa bilməzdi. Minlərlə insan küçələrə axışaraq haqlarını tələb edir, öz torpağını qorumağa çalışırdı. Lakin azadlıq istəyən bir xalqın qarşısına çıxarılan tanklar, atılan güllələr nə bir insanın, nə də bir millətin iradəsini qıra bildi.

    Yanvarın 19-dan 20-nə keçən gecə Bakı alovlandı. Sovet ordusu mülki əhalini gülləbaran edərək Azərbaycan xalqını qorxutmağa çalışırdı. Həmin gecə yüzlərlə insan həyatını itirdi, minlərlə insan yaralandı. Ancaq o şəhidlərimizin ruhu bu torpağı işıqlandırdı, onların qanı azadlıq səhifəmizi yazdı.

    O gün bir millət bir daha dərk etdi ki, azadlıq asan əldə edilmir. Ölümə meydan oxuyan insanlar bir şeyi sübut etdi: Azərbaycan xalqı əsla baş əyməz. Hər bir itki, hər bir acı bizi daha da möhkəmləndirdi.

    Bu gün biz azad bir ölkədə yaşayırıqsa, həmin gecənin qəhrəmanlarına borcluyuq. O şəhidlər öz həyatlarını qurban verdilər ki, biz bu gün öz dilimizdə danışa bilək, müstəqil bayrağımızı qaldıra bilək. Onların qurbanları əsla unudulmayacaq.

    Hər dəfə Şəhidlər Xiyabanına gedəndə o günlərin ağrısını hiss edirik. Hər bir məzarın üstündə bir tarix yatır. O tarix ki, bizə azadlığın nə qədər dəyərli olduğunu xatırladır. Qərənfillər bu torpağın göz yaşlarını silmək üçün açır, ancaq xalqın yaddaşı silinmir.

    20 Yanvar bizim həm hüzn, həm də qəhrəmanlıq günümüzdür. Bu gün biz bir daha başa düşürük ki, azadlıq ən müqəddəs nemətdir və onu qorumaq hər birimizin borcudur. Qanla yazılan bu tarix bizim gələcəyimiz üçün bir işıq, bir dərsdir.

    Şəhidlərimiz, ruhunuz şad olsun! Sizin mübarizəniz boşuna getmədi, biz sizin yolunuzu davam etdiririk. Qoy Azərbaycanın azadlıq bayrağı həmişə uca olsun!
    Xocalı rayon ziyalısı Mətanət Zamanova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib58 dəfə
    Qanla yazılan azadlıq dastanı

    Maraqlı gələ bilər
    734
    173
    70
    98