Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə təkcə iki ölkə arasındakı münasibətlərin cari vəziyyətini deyil, həm də bu münasibətlərin dayandığı dərin tarixi kökləri, strateji məntiqi və gələcək inkişaf perspektivlərini əks etdirir. Müsahibədə vurğulanan məqamlar Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin, xüsusilə də Özbəkistanın, bu gün regionun siyasi, iqtisadi və mədəni xəritəsində oynadığı mühüm rolu göz önünə sərir.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Mərkəzi Asiya ölkələri tarix, mədəniyyət və mənəvi dəyərlər baxımından vahid məkanın üzvləridir. Xəzər dənizi coğrafi sərhəd deyil, əksinə, bizi birləşdirən strateji bağdır. Bu yaxınlıq son illər ərzində ardıcıl səfərlər, fəal siyasi dialoq, qarşılıqlı təşəbbüslər və ortaq mövqe nümayişi ilə daha da güclənib. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində Azərbaycan Prezidentinin müntəzəm iştirakı da regionun birliyinə verdiyi önəmin bariz nümunəsidir.
Müsahibənin əsas xəttini təşkil edən mövzulardan biri Azərbaycan–Özbəkistan münasibətlərinin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəlməsi və bu münasibətlərin yüksək siyasi iradə ilə davamlı şəkildə möhkəmləndirilməsidir. Prezident İlham Əliyevin Özbəkistan lideri Şavkat Mirziyoyevlə şəxsi dostluq münasibətlərini xüsusi qeyd etməsi bu tərəfdaşlığın sabit və uzunmüddətli xarakter daşıdığını göstərir. Son illərdə baş tutan qarşılıqlı dövlət səfərləri, imzalanmış çoxsaylı sənədlər və fəaliyyətə başlayan müştərək layihələr bu dostluğun praktiki təcəssümüdür.
Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəyişməz dəstək, azad olunan ərazilərin bərpasına verdiyi töhfələr, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisi qardaşlığın sözlə yox, əməli işlə ifadə olunduğunu göstərir. Prezident İlham Əliyevin bu təşəbbüsü yüksək dəyərləndirməsi də ölkələrimizin bir-birinə münasibətdə səmimi, etibarlı və əbədi tərəfdaş olduqlarını bir daha təsdiqləyir.
İqtisadi-ticari əməkdaşlıq da əlaqələrin mühüm hissəsidir. Son illərdə ticarət dövriyyəsinin sürətli artımı, qarşılıqlı sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması və sənaye əməkdaşlığı iki ölkə iqtisadiyyatları arasında güclü sinerji yaradır. Xankəndidə açılan birgə tikiş fabriki kimi layihələr əməkdaşlığın həm iqtisadi, həm də sosial-humanitar dəyərini daha da artırır. Bu günə qədər imzalanmış təxminən 200 sənəd isə iqtisadi tərəfdaşlığın möhkəm hüquqi bazasını təmin edir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin genişləndirilməsi və tranzit imkanlarının artırılması regionun strateji önəmini artıran əsas istiqamətlərdəndir. Azərbaycan üzərindən daşımaların artması, müasir liman və dəmir yolu infrastrukturunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin yaradacağı əlavə imkanlar iki ölkənin də tranzit və iqtisadi rolunu daha da möhkəmləndirəcək.
Energetika sahəsində birgə fəaliyyət göstərilməsi, neft məhsullarının və neft-kimya məhsullarının ixracı, habelə yaşıl enerji sahəsində yeni əməkdaşlıq istiqamətlərinin açılması regionda enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin inteqrasiyası barədə imzalanmış sənədlər gələcək üçün strateji əhəmiyyət kəsb edir.
Müsahibədə xüsusi yer tutan məqamlardan biri də mədəni və humanitar əlaqələrin gücü və əhəmiyyətidir. Mədəniyyət Günləri, şəhərlər arasında qardaşlaşma proqramları, qarşılıqlı səfərlər xalqlarımızı daha da yaxınlaşdırır və ortaq dəyərlər əsasında möhkəm körpülər yaradır. Daşkənddə Heydər Əliyev meydanı və Bakıda salınan “Özbəkistan” parkı qardaşlığın rəmzinə çevrilən məkanlardır. İdman sahəsində də əməkdaşlıq, xüsusilə 2027-ci il U-20 Dünya Çempionatının birgə keçirilməsi iki ölkənin beynəlxalq miqyasda birlik mesajını daha da gücləndirir.
Media və QHT sahəsində əməkdaşlıq çərçivəsində keçirilən forumlar və müxtəlif layihələr isə informasiya mübadiləsini, ictimai dialoqu və humanitar əməkdaşlığı daha da səmərəli edir.
Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri regionun gələcəyinə yönəlmiş güclü siyasi iradəyə, ortaq tarixi köklərə və qardaşlıq dəyərlərinə əsaslanır. Bu münasibətlər yalnız bu günün deyil, həm də gələcək nəsillərin rifahı naminə strateji tərəfdaşlığın möhkəm və ardıcıl inkişafını təmin edir.
Xocalı rayon ziyalısı Elxan Zamanov