2025-ci il 28 may tarixində Laçın şəhəri bir daha tarixə düşdü – bu dəfə yalnız azad edilmiş torpağın dirçəlişi ilə deyil, həm də Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq və strateji əməkdaşlığın parlaq təzahürü ilə. Prezident İlham Əliyevin çıxışı bu görüşün mahiyyətini tam şəkildə ortaya qoydu: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ilə başlanan yeni mərhələ artıq regional deyil, qlobal miqyasda təsir gücünə malik yeni bir siyasi birlik yaradır.
Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan tarixi, dini və mədəni bağlar artıq konkret siyasi müstəviyə keçib. Üç qardaş ölkənin Laçında bir araya gəlməsi, bu müqəddəs torpaqda azadlıq və qələbə bayramını birlikdə qeyd etməsi təkcə rəmzi xarakter daşımır – bu, həm də dünyaya verilmiş güclü bir mesajdır: bu ölkələr artıq regionda və dünyada öz sözünü deyə bilən qüvvədir.
Prezident İlham Əliyev çıxışında həm tarixi ədalətsizliklərə toxundu, həm də bu ədalətsizliklərə qarşı Azərbaycanın göstərdiyi müqavimətin və qələbənin əsas dayaqlarını vurğuladı. Sovet dövründə Qərbi Zəngəzurun Ermənistana verilməsi, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti nəticəsində baş verən işğal və Xocalı soyqırımı – bütün bunlar Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Amma bu acılar xalqın iradəsini sındırmadı, əksinə, onu daha da möhkəmləndirdi.
Azərbaycan bu ədalətsizliklə heç zaman barışmadı. Güclü iqtisadiyyat, möhkəm siyasi iradə və müasir ordu quruculuğu ölkəni Zəfərə apardı. 44 günlük Vətən müharibəsində əldə edilən qələbə təkcə torpaqların işğaldan azad olunması deyil, həm də xalqın ləyaqətinin, tarixinin və milli kimliyinin bərpası idi. Bu qələbədə vətənpərvərliklə böyüyən gənc nəslin də rolu xüsusi qeyd olundu – döyüş meydanında bir an belə geri çəkilmədən hər gün irəliləyən Azərbaycan əsgəri bu zəfərin qəhrəmanıdır.
Laçının, Ağdamın, Kəlbəcərin bir güllə belə atılmadan azad olunması Azərbaycanın siyasi və hərbi gücünün göstəricisidir. 2023-cü ildə keçirilən birgünlük antiterror əməliyyatı ilə separatizmin kökü tamamilə kəsildi və ölkə üzərində tam suverenlik bərpa edildi. Bu yeni dövr Azərbaycanın yalnız öz daxilində deyil, regionda da söz sahibi olduğunu təsdiqləyir.
Bu gün Laçında genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Yollar, tunellər, məktəblər, xəstəxanalar və hava limanları – bunlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası üçün atdığı real və sürətli addımlardır. Artıq minlərlə vətəndaş öz yurduna dönüb və bu proses davam edir. Torpaqlarına qayıdan xalq, onu layiqincə qarşılayan dövlət – bu, bir millətin dirçəlişinin simvoludur.
Prezident İlham Əliyevin də dediyi kimi, artıq Azərbaycan müzəffər dövlətdir. Türkiyə və Pakistan liderlərinin bayram tədbirində iştirakı isə bu zəfərin təkcə Azərbaycanın deyil, həm də qardaş ölkələrin ortaq sevinci olduğunu göstərir. Bu birlik, bu həmrəylik dünya ictimaiyyətinə göstərir ki, güc təkcə silahda deyil, həm də qardaşlıqda, ortaq iradədə və ədalətə söykənən mövqedədir.
Laçından yüksələn bu siyasi və mənəvi mesaj, regionda yeni geosiyasi düzənin xəbərçisidir. Azərbaycan-Türkiyə-Pakistan birliyi artıq təkcə söz birliyi deyil – bu, real gücə, ortaq məqsədlərə və sabit inkişaf strategiyasına əsaslanan əməkdaşlıqdır. Bu gün deyilən “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” çağırışı artıq bir gələcək arzusu deyil, gerçəkləşmiş tarixi bir həqiqətdir.
Xocalı rayon ziyalısı Ramil Salahov