Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar: milli qürur tariximiz” mövzusunda dəyirmi masa keçirilib. Rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, idarə-müəssisə rəhbərləri əvvəlcə qəsəbədə şəhidlərimizin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Xocalı rayon Mədəniyyət Evində davam edən dəyirmi masa ilk olaraq Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Əliyev 20 Yanvar faciəsinin Azərbaycan tarixində yerinə toxunub. O, bu faciənin yalnız qanlı bir hadisə deyil, eyni zamanda, xalqımızın milli azadlıq iradəsinin, müstəqillik əzminin parlaq təzahürü olduğunu vurğulayıb. Anar Əliyev bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının sovet imperiyasına qarşı apardığı azadlıq mübarizəsində dönüş nöqtəsi olub, milli oyanışın güclənməsinə gətirib çıxarıb.
Daha sonra dəyirmi masa ətrafında çıxışlar davam etdirilib. Xocalı rayon İcra Hakimiyyətində ərazi təşkilat məsələləri sektorunun müdiri Səxavət Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Bəxtiyar Məmmədov, Xocalı şəhər 5 nömrəli klubun müdiri Diliş Şahverdiyeva, Xocalı rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Çiçək Quliyeva faciənin tarixi-siyasi səbəblərini, nəticələrini və milli yaddaşda tutduğu yeri ətraflı təhlil edib.
Qeyd edək ki, bu gün saat 12:00-da Respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələri tərəfindən Azərbaycanda törədilmiş qanlı faciədən 36 il keçməsinə baxmayaraq, xalqımız həmin hadisənin ağır nəticələrini bu gün də dərin hüznlə xatırlayır.
Həmin gecə Bakıda törədilən faciə zamanı yüzlərlə insan öldürülüb və yaralanıb, qanunsuz həbs olunublar. Həmçinin evlər, avtomaşınlar, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilib. Ümummilli Lider Heydər Əliyev faciəyə ilk siyasi və hüquqi qiymət verib. Ulu Öndər 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək bu qanlı hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd olan ağır cinayət kimi qiymətləndirib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Azərbaycan Respublikası Milli Məclisi səviyyəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam təmin olunması 20 Yanvar şəhidlərinin də ruhunu şad edən tarixi hadisələrdir.
20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındıra bilməyib, əksinə, azadlıq və müstəqillik əzmini daha da gücləndirib. Xalqımız şəhidlərini qalib, bütöv və suveren Azərbaycanın vətəndaşları kimi dərin ehtiramla yad edir.