0
Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr və gələcək inkişaf perspektivləri oldu.
Dövlət başçısı bildirib ki, Azərbaycanın mövcud qaz ehtiyatları növbəti yüz il ərzində ölkənin və tərəfdaş dövlətlərin tələbatını ödəməyə kifayət etsə də, ölkə bərpaolunan enerji sahəsinə böyük həcmdə investisiyalar yatırır. Bu yanaşma Azərbaycanın enerji siyasətinin uzunmüddətli və strateji xarakter daşıdığını göstərir.
Hazırda ölkədə günəş və külək enerjisi sahəsində iri layihələr icra olunur. Prezident İlham Əliyevin sözlərinə görə, 2027-ci ilin sonunadək yaşıl enerji üzrə quraşdırılmış güc 2 giqavata, 2032-ci ilin sonuna qədər isə 8 giqavata çatdırılacaq. Qarabağ və Şərqi Zəngəzurda yaradılan hidroenerji obyektləri də bu potensialın artırılmasına mühüm töhfə verir.
Azərbaycan yaşıl enerjinin ixracı istiqamətində də mühüm layihələr həyata keçirir. Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə yeni elektrik kabelinin çəkilməsi istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Şərq-Qərb dəhlizi artıq uğurla fəaliyyət göstərir və Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun nəqliyyat-logistika imkanlarını daha da genişləndirəcək. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır.
Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri ölkəni Avrasiya məkanının mühüm enerji və logistika mərkəzinə çevirir. Yaşıl enerji, nəqliyyat dəhlizləri və beynəlxalq əməkdaşlıq ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Bu siyasət Azərbaycanın regional liderliyini daha da möhkəmləndirərək onu qlobal miqyasda mühüm tərəfdaş kimi ön plana çıxarır.
Xocalı rayon gənci Şəhriyar Quliyev.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 3 həft. öncə |
| İzlənib | 29 dəfə |