Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
2 Fevral – Azərbaycan Gəncləri Günü: Dövlətçilik ənənələrinə söykənən gənclik modeli

0


  • 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə təqvimdə qeyd olunan bir bayram deyil, müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin, strateji inkişaf xəttinin və gələcəyə inamının bariz ifadəsidir. Bu günün təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən gənclər siyasəti dayanır. Məhz Ulu Öndərin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 Fevral Azərbaycan Gəncləri Günü elan edildi və Azərbaycan MDB məkanında və Şərqi Avropada bu günü dövlət səviyyəsində qeyd edən ilk ölkə oldu. Bu fakt özü-özlüyündə Azərbaycanın gənclərə verdiyi dəyərin, onlara olan inamın göstəricisidir.

    Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi, genofondu və ən böyük sərvəti hesab edirdi. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri sadəcə bir şüar deyil, konkret dövlət siyasətinə çevrilmiş strateji baxış idi. Ulu Öndər gənclərin həm fiziki, həm mənəvi, həm də intellektual baxımdan inkişafını vacib sayır, gənc nəslin yüksək bilik, əxlaq və vətənpərvərlik ruhunda yetişdirilməsini dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirirdi. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi, gənclərin ictimai-siyasi həyatda fəallığı üçün geniş imkanlar yaradıldı.

    Ulu Öndərin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, istedadlı gənclərə dövlət qayğısının institusional əsaslarla təmin olunması, “Qızıl kitab”ın təsis edilməsi, “Dövlət gənclər siyasəti haqqında” Fərman və “Gənclər siyasəti haqqında” Qanunun qəbulu gənclərlə bağlı sistemli və məqsədyönlü siyasətin əsasını qoydu. Xaricdə təhsil ənənəsinin bərpası, Prezident təqaüdünün təsis edilməsi, gənclərin beynəlxalq təcrübə qazanmasına yaradılan şərait bu siyasətin mühüm tərkib hissələri oldu. Heydər Əliyev gənclərə yalnız imkan yaratmırdı, eyni zamanda onlara böyük məsuliyyət yükləyirdi. “Hər bir Azərbaycan gənci hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir” fikri gənclərin qarşısında qoyulan tarixi vəzifənin mahiyyətini aydın şəkildə ifadə edirdi.

    Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir və daha da zənginləşdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları və strateji sənədlər Azərbaycan gəncliyinin hərtərəfli inkişafına xidmət edir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər evi” şəbəkəsinin genişləndirilməsi, “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin fəaliyyəti gənclərin potensialının reallaşmasına real imkanlar açıb.

    Prezident İlham Əliyevin gənclər siyasətinin əsas xüsusiyyətlərindən biri gənclərə inam və etimadın praktik addımlarla nümayiş etdirilməsidir. Gənc kadrların irəli çəkilməsi, innovasiya və sahibkarlığın dəstəklənməsi, könüllülük hərəkatının genişlənməsi, gənclərin beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etməsi bu siyasətin real nəticələridir. Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi həm döyüş meydanında, həm də informasiya cəbhəsində yüksək vətənpərvərlik, birlik və məsuliyyət nümunəsi göstərdi. Şanlı Zəfərin qazanılmasında gənclərin həlledici rolu Ulu Öndərin və Prezident İlham Əliyevin gənclər siyasətinin nə qədər düzgün və məqsədyönlü olduğunu bir daha sübut etdi.

    Bu gün Azərbaycan gəncliyi azad, sabit və güclü dövlətdə yaşayır, geniş imkanlara malikdir və bu imkanlardan istifadə edərək həm öz gələcəyini, həm də ölkənin gələcəyini qurur. Gənclərin elm, təhsil, mədəniyyət, idman, innovasiya və ictimai fəaliyyət sahələrində qazandığı uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. 2 Fevral – Azərbaycan Gəncləri Günü məhz bu böyük yolun, ardıcıl siyasətin və gələcəyə inamın rəmzidir. Bu gün bir daha göstərir ki, müstəqil Azərbaycanın bu günü də, sabahı da güclü, vətənpərvər və intellektual gəncliyin əlindədir.

    Xocalı rayon ziyalısı Elməddin Bağırov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 gün öncə
    İzlənib15 dəfə
    2 Fevral Azərbaycan Gəncləri Günü: Dövlətçilik ənənələrinə söykənən gənclik modeli

    Maraqlı gələ bilər
    0
    133