0
25 iyun 2026-cı il tarixində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Xocalı Rayon Komissiyası tərəfindən 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə maarifləndirici tədbir təşkil olunub.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi gənclər arasında narkomaniyanın yaratdığı təhlükələr və erkən nikahın doğurduğu sosial, psixoloji və hüquqi fəsadlar barədə məlumatlılığın artırılması, sağlam həyat tərzinin təbliği, gənclərin təhsilə və şəxsi inkişafına marağının gücləndirilməsi olub.
Tədbiri giriş sözü ilə açan Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elməddin Bağırov bildirib ki, narkomaniya və erkən nikah cəmiyyətin gələcəyinə mənfi təsir göstərən mühüm sosial problemlərdəndir. O vurğulayıb ki, sağlam, savadlı və milli-mənəvi dəyərlərə bağlı gənclərin formalaşdırılması üçün bu kimi maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər, narkotiklərin insan sağlamlığına, ailə institutuna və cəmiyyətə vurduğu ağır zərərlər barədə ətraflı məlumat verib. Bildirilib ki, narkotik vasitələrdən istifadə təkcə fərdin deyil, bütövlükdə ailənin və cəmiyyətin təhlükəsizliyinə ciddi təhdid yaradır, cinayətkarlığın artmasına, sosial problemlərin dərinləşməsinə və insan həyatının məhv olmasına səbəb olur.
Çıxışlarda erkən nikahın yaratdığı fəsadlara da geniş toxunulub. Qeyd olunub ki, erkən nikah yeniyetmələrin təhsil hüququnun məhdudlaşmasına, onların fiziki və psixoloji inkişafına mənfi təsir göstərməsinə, erkən valideynlik, ailədaxili problemlər və sosial çətinliklərin yaranmasına səbəb ola bilər. Vurğulanıb ki, hər bir gəncin təhsil almaq, peşə sahibi olmaq və gələcəyini sərbəst şəkildə qurmaq hüququ qorunmalı, erkən nikah hallarının qarşısının alınması istiqamətində ailə, məktəb və dövlət qurumları birgə fəaliyyət göstərməlidirlər.
Natiqlər bildiriblər ki, həm narkomaniya, həm də erkən nikah gənclərin gələcəyini təhlükə altına alan problemlərdir. Bu halların qarşısının alınmasında valideyn məsuliyyəti, müəllimlərin maarifləndirici fəaliyyəti, hüquq-mühafizə orqanlarının profilaktik tədbirləri və cəmiyyətin fəal iştirakı mühüm rol oynayır.
Tədbir çərçivəsində iştirakçılarla geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Gənclərə sağlam həyat tərzinin üstünlükləri, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti, hüquq və vəzifələri, erkən nikahın hüquqi nəticələri, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə nəzərdə tutulan məsuliyyət barədə ətraflı məlumat verilib.
Sonda qeyd olunub ki, narkomaniyaya qarşı mübarizə və erkən nikahın qarşısının alınması yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Gənclərin sağlam, təhsilli, hüquqlarını bilən və vətənpərvər vətəndaşlar kimi yetişməsi naminə bu istiqamətdə maarifləndirici tədbirlərin gələcəkdə də mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
| Bölmə | Xocalı rayonu |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 ay öncə |
| İzlənib | 40 dəfə |