Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev qardaş Tacikistan xalqını ölkənin inkişafı və nailiyyətləri münasibətilə təbrik edib. Dövlət başçısı bildirib ki, Tacikistanın paytaxtı Düşənbənin ildən-ilə gözəlləşməsi, yeni binaların tikilməsi, şəhərin sürətlə inkişafı Azərbaycan xalqını da sevindirir. Prezident İlham Əliyev Tacikistanla Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq ruhunda inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət və dəstəyə əsaslanır və bu münasibətlərin gələcəkdə daha da möhkəmlənməsi üçün böyük potensial var. Dövlət başçısı, həmçinin Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsinə göstərilən dəstəyə görə bütün MDB dövlət başçılarına təşəkkürünü bildirib. Prezident İlham Əliyev xatırladıb ki, iyun ayında Laçında keçirilən açılış mərasimi zamanı qonaqlar şəhərin Ermənistanın 30 illik işğalından azad olunduqdan sonra necə sürətlə bərpa olunduğunun şahidi olublar. Tamamilə dağıdılmış Laçının qısa müddətdə müasir və gözəl bir şəhərə çevrilməsi Azərbaycanın quruculuq əzmini bir daha göstərir. Ölkə başçısı çıxışında, həmçinin, sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə və digər altı şəhərdə keçirilən III MDB Oyunlarından danışıb. Prezident bildirib ki, bu yarışlarda 13 ölkədən 1600-dən çox idmançının iştirakı MDB məkanında dostluğun, əməkdaşlığın və qarşılıqlı hörmətin daha da möhkəmlənməsinə xidmət edib. İlham Əliyev vurğulayıb ki, bu kimi tədbirlər ölkələrimizi birləşdirir, xalqlar arasında etimadı və dostluğu gücləndirir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan bundan sonra da MDB məkanında birliyi, əməkdaşlığı və dostluğu möhkəmləndirən təşəbbüsləri dəstəkləməyə davam edəcək.