Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Qazaxıstan münasibətləri: qardaşlıqdan doğan etimad və əməkdaşlıq

0


  • 2025-ci il oktyabrın 21-də Astanada keçirilən görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir daha göstərdilər ki, bu iki xalq arasında münasibətlər sadəcə diplomatik əlaqələr deyil, dərin köklərə və qardaşlığa əsaslanır. Həm mətbuata verilən bəyanatlar, həm də Ali Dövlətlərarası Şuranın ikinci iclasında səslənən fikirlər bu birliyin sarsılmaz olduğunu açıq şəkildə nümayiş etdirdi.

    Prezident İlham Əliyev çıxışında Qazaxıstanın son illər sürətlə inkişaf etdiyini, ölkədə müasir texnologiyalar və süni intellekt sahəsində aparılan islahatların müsbət nəticələr verdiyini qeyd etdi. Onun sözlərinə görə, Prezident Tokayevin uzaqgörən siyasəti sayəsində Qazaxıstan təkcə regionda deyil, beynəlxalq aləmdə də etibarlı tərəfdaş kimi tanınır.

    Azərbaycan Prezidenti həmçinin vurğuladı ki, Qazaxıstan Azərbaycan üçün hər zaman dost və qardaş ölkə olub. Xüsusilə də işğal dövründə, ən çətin illərdə Qazaxıstan daim Azərbaycanın yanında dayanıb, beynəlxalq təşkilatlarda ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Bu, bizim xalqın yaddaşında dərin iz buraxan, minnətdarlıqla xatırlanan münasibətdir.

    İlham Əliyev çıxışında Ermənistanla sülh prosesi barədə də danışdı. O bildirdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması regionda yeni dövrün başlanğıcıdır. Qazaxıstan bu prosesdə də Azərbaycana ilk dəstək verən ölkələrdən biri olub. Dövlət başçısı əlavə etdi ki, Azərbaycan artıq Ermənistana qarşı tətbiq etdiyi tranzit məhdudiyyətlərini aradan qaldırıb və ilk belə yük Qazaxıstandan Ermənistana göndərilən taxıl olub. Bu, sülhün real həyatda formalaşdığının sübutudur.

    Prezident İlham Əliyev xalqlarımızı birləşdirən ortaq dəyərləri xüsusi vurğuladı. O dedi ki, Azərbaycan və Qazaxıstanı birləşdirən bağlar yüzillərin sınağından çıxıb. Mədəniyyət, dil, din və tarix baxımından bu iki xalq bir-birinə çox yaxındır. Elə buna görə də dövlətlərarası münasibətlər bu möhkəm mənəvi təməllər üzərində qurulub.

    İqtisadi əlaqələrə toxunan Prezident qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi durmadan artır, yeni investisiya layihələri həyata keçirilir. Birgə İnvestisiya Fondunun fəaliyyətə başlaması da bu əməkdaşlığın praktiki göstəricisidir. Bu fond çərçivəsində müxtəlif sahələrdə yeni layihələrin reallaşdırılması planlaşdırılır.

    Qarabağın bərpası məsələsinə gəlincə, İlham Əliyev Qazaxıstanın bu istiqamətdə verdiyi dəstəyi xüsusi minnətdarlıqla qeyd etdi. O xatırlatdı ki, Füzulidə Prezident Tokayevlə birlikdə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki xalqın dostluğunun simvoludur. Bu mərkəz təkcə təhsil və yaradıcılıq məkanı deyil, həm də qardaş Qazaxıstan xalqının Azərbaycan xalqına göstərdiyi dostluq və həmrəyliyin canlı nümunəsidir.

    Prezidentlər həmçinin Zəngəzur dəhlizi və Orta Dəhliz kimi böyük nəqliyyat layihələrinin region üçün əhəmiyyətini müzakirə etdilər. İlham Əliyev bildirdi ki, Azərbaycan bu istiqamətdə bütün işləri plan üzrə yerinə yetirir və yaxın illərdə Zəngəzur dəhlizinin tam istifadəyə verilməsi gözlənilir. Bu layihə Asiyanı Avropa ilə birləşdirəcək və hər iki ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

    İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan və Qazaxıstan beynəlxalq arenada hər zaman bir-birini dəstəkləyir, eyni mövqedən çıxış edir. Gələn il Bakıda keçiriləcək iki böyük beynəlxalq tədbir – İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti – bu əməkdaşlığın davamı olacaq.

    Sonda Prezident İlham Əliyev dedi ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələr təkcə iki ölkə üçün deyil, bütün türk dünyası üçün mühüm nümunədir. Qardaşlıq, dostluq və qarşılıqlı etimad üzərində qurulan bu münasibətlər həm regionun sabitliyinə, həm də gələcək nəsillərin rifahına xidmət edir.

    Bu görüş bir daha göstərdi ki, Azərbaycanla Qazaxıstanın münasibətləri illərlə formalaşmış qardaşlıq tellərinə söykənir və bu tellər zaman keçdikcə daha da möhkəmlənir. İki xalqın bir-birinə olan hörməti və sevgisi gələcəkdə də bu dostluğun əsas dayağı olacaq.

    Xocalı rayon ziyalısı Xaliq Ekberov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan Qazaxıstan münasibətləri: qardaşlıqdan doğan etimad əməkdaşlıq

    Maraqlı gələ bilər
    88