Xankəndi bir zamanlar işğal, ayrılıq və dağıntının simvolu idisə, bu gün tam fərqli mənzərə təqdim edir. 2025-ci il iyulun 4-də bu şəhər tarixində ilk dəfə olaraq beynəlxalq bir zirvə – İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci toplantısına ev sahibliyi etdi. Prezident İlham Əliyevin çıxışı isə bu tədbiri sadəcə siyasi dialoq yox, həm də dərin mənəvi, iqtisadi və geosiyasi mesaj daşıyan bir platformaya çevirdi.
Zirvə görüşü müzakirə masasından daha çox güzgü idi – Azərbaycanın 30 ildən sonra keçdiyi yolu, torpağını itirib sonra geri alan xalqın dirənişini, qələbədən sonra da intiqam yox, inşa yolunu seçməsini əks etdirən bir güzgü.
Prezidentin "Qarabağda, Xankəndidə görüşə xoş gəlmisiniz" sözləri diplomatik cümlə kimi səslənsə də, əslində bir dövrün qapanması və yeni bir mərhələnin başlanması idi.
İllər əvvəl azərbaycanlıların doğma evlərindən didərgin salındığı, məscidlərin təhqir olunduğu, qəbir daşlarının belə oğurlandığı Xankəndi – indi yeni tikilmiş Konqres Mərkəzində beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu təkcə fiziki bərpanın deyil, milli qürurun, suverenliyin bərpa olunmasının göstəricisidir.
Prezident çıxışında tarixə dönmədən, gələcəyə baxaraq danışdı. O, 2020-ci ildə əldə edilən qələbəni hərbi zəfərdən daha çox ədalətin bərpası kimi təqdim etdi. Lakin diqqət çəkən ən mühüm məqam ondan sonra atılan addımlardır: dağıdılmış torpaqlarda yeni şəhərlər tikilir, insanlar qayıdır, həyat yenidən başlayır. Bu, müharibədən sonra necə davranılmalı olduğunun örnəyidir – dağıtmaqla yox, qurmaqla cavab vermək.
Zirvə görüşündəki nitq təkcə Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmadı. Prezident daha geniş mənzərəni təqdim etdi – Azərbaycanın regiondakı rolu, enerji və nəqliyyat dəhlizləri vasitəsilə ECO ölkələri ilə qurduğu əlaqələr, xarici sərmayə üçün yaratdığı əlverişli şərait və COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi bu mənzərənin əsas sütunları idi.
Təəccüblü olmayan bir başqa mesaj isə Qərbi azərbaycanlılarla bağlı idi. Prezident bu məsələyə toxunarkən, insan haqlarına, zorla didərgin salınanların geri qayıdış hüququna əsaslanan bir ritorika ilə çıxış etdi. O, hərbi deyil, hüquqi və diplomatik yollarla bu insanların öz evlərinə sülh yolu ilə dönməsini istədiklərini bəyan etdi.
Bütün bunların fonunda “ECO Həftəsi” təşəbbüsü isə Azərbaycanın artıq təkcə siyasi və hərbi gündəmin deyil, həm də humanitar, iqtisadi və sosial təşəbbüslərin müəllifi olduğunu sübut etdi. Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu – bunlar təkcə tədbir deyil, dirçələn torpaqların səsi idi.
Xankəndidə keçirilən bu görüş sadəcə gündəlik məsələlərin müzakirəsi yox, Azərbaycanın yeni reallıqlar fonunda özünü dünyaya təqdim etməsi idi. Sakit, ciddi, lakin güclü bir təqdimat – “biz qayıtdıq və buradayıq, bu dəfə həmişəlik”.
Əgər bu Zirvənin bir cümləlik xülasəsi olsaydı, bəlkə də belə səslənərdi: Azərbaycan gücünü sübut etdi, indi isə sülh və tərəqqi təklif edir.
Xocalı rayon ziyalısı Şəhriyar Quliyev