Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Postmünaqişə Reallıqları Fonunda Minsk Qrupunun Hüquqi Əsasları və Zəruriliyi: Bitmiş Missiyanın Sonu”

0

  • 2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Azərbaycanın daxili və xarici siyasətinə dair bir çox önəmli məqamların səsləndiyi bir platformaya çevrildi. Prezident İlham Əliyevin bu forumdakı çıxışı, xüsusilə regional siyasət, postmünaqişə dövrü və beynəlxalq vasitəçilik institutlarına münasibət baxımından böyük rezonans doğurdu. Çıxış zamanı Prezidentin ATƏT-in Minsk Qrupu barədə səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdi. Prezident açıq şəkildə bəyan etdi ki, Minsk Qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. Bu bəyanat, həm Azərbaycanın mövqeyinin gücləndiyini, həm də bölgədə yaranmış yeni geosiyasi reallıqların artıq beynəlxalq səviyyədə qəbul edilməli olduğunu göstərdi.

    Minsk Qrupu 1992-ci ildə yaradılmışdı və məqsədi Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik etmək idi. Lakin illər boyunca bu qrupun fəaliyyəti heç bir real nəticə vermədi. Azərbaycan torpaqlarının işğal altında qalması, beynəlxalq hüququn pozulması və BMT qətnamələrinin icrasız qalması, Minsk Qrupunun fəaliyyətinə inamı sarsıtdı. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və münaqişəyə hərbi-siyasi yolla son qoydu. Bu, faktiki olaraq Minsk Qrupunun üzərinə düşən funksiyanın icrası anlamına gəlirdi – amma bu dəfə vasitəçilərsiz və birtərəfli qaydada.

    Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, əgər münaqişə artıq bitibsə, vasitəçilik missiyasının davam etməsi mənasızdır. Bu qurumun fəaliyyətini hüquqi baxımdan davam etdirməyin heç bir əsasının qalmadığını vurğulamaq, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyindən irəli gəlir. Çünki istər beynəlxalq hüquqda, istərsə də diplomatik praktikada bir qurumun fəaliyyəti onun funksionallığı və aktuallığı ilə ölçülür. Əgər bu funksiyalar artıq obyektiv səbəblərlə aradan qalxıbsa, qurumun fəaliyyəti də texniki və hüquqi baxımdan sonlanmalıdır. Bu mənada Minsk Qrupunun hazırkı statusu yalnız kağız üzərində qalmış formal bir struktur kimi qiymətləndirilə bilər.

    Müasir dövrdə geosiyasi dəyişikliklər, sülh prosesləri və regional əməkdaşlıq yeni yanaşmalar tələb edir. Minsk Qrupu kimi illərlə status-kvonu qoruyub saxlamaqla məşğul olmuş qurumların artıq bu proseslərdə rol alması nə məqsədəuyğundur, nə də realdır. Azərbaycan isə bölgədə sülhün və sabitliyin qurulması üçün birbaşa tərəflərlə işləməyi, nəticəyönümlü dialoqa üstünlük verir. Prezident Əliyevin də qeyd etdiyi kimi, sülh prosesi Ermənistanla birbaşa danışıqlar üzərindən aparılır və bu, region üçün daha dayanıqlı bir model təqdim edir.

    Beləliklə, Minsk Qrupunun hüquqi olaraq fəaliyyətini davam etdirməsi üçün heç bir əsas yoxdur. Onun nə mandatı aktualdır, nə də fəaliyyət sahəsi mövcuddur. Azərbaycan artıq bu mərhələni keçmiş, yeni bir reallıq formalaşdırmışdır. Bu reallıqda isə nəticəsiz vasitəçilərə deyil, konkret və məhsuldar addımlara ehtiyac var.
    Lamiyyə Qarayeva
    İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib36 dəfə
    “Postmünaqişə Reallıqları Fonunda Minsk Qrupunun Hüquqi Əsasları Zəruriliyi: Bitmiş Missiyanın Sonu”

    Maraqlı gələ bilər
    69
    73
    60
    71