Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni dünya reallıqları fonunda Azərbaycanın səsi və mövqeyi

0

  • Bir vətəndaş kimi Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibəni diqqətlə izlədim və bu müsahibənin təkcə diplomatik bəyanat deyil, eyni zamanda müasir dünyanın reallıqlarına verilmiş açıq və cəsarətli mövqe olduğunu düşündüm. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər bugünkü beynəlxalq münasibətlərin mahiyyətini olduğu kimi ortaya qoyur və Azərbaycanın bu mürəkkəb şəraitdə hansı prinsip və dəyərlərə əsaslandığını bir daha aydın göstərir.
    Bu gün dünya nizamının dəyişdiyi, beynəlxalq hüququn selektiv yanaşmalar fonunda arxa plana keçdiyi bir dövrdə yaşayırıq. Prezident İlham Əliyevin də vurğuladığı kimi, artıq beynəlxalq hüquq bütün dövlətlər üçün bərabər və mütləq norma kimi işləmədikdə, hər bir ölkə öz milli maraqlarını qorumaq üçün real və düşünülmüş strategiya müəyyən etməlidir. Azərbaycan məhz bunu etdi. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası prosesində ölkəmiz həm gücünü, həm də haqlı mövqeyini ortaya qoydu və bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atdı. Bu, mənim kimi sıravi bir vətəndaş üçün də qürurverici haldır, çünki bu siyasət Azərbaycanın haqlı tərəf olduğunu bütün dünyaya sübut etdi.
    Müsahibədə sülh mövzusuna xüsusi yer ayrılması isə xüsusilə diqqətimi çəkdi. Uzun illər münaqişə, müharibə və işğal ağrılarını yaşamış bir xalqın nümayəndəsi kimi Cənubi Qafqazda sülhün bərqərar olması fikri mənim üçün sadəcə siyasi bəyanat deyil, real ümid mənbəyidir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini Qafqazda sülhün qurulmasına verilən qiymət kimi dəyərləndirməsi göstərir ki, Azərbaycanın atdığı addımlar artıq beynəlxalq səviyyədə də sülhpərvər təşəbbüs kimi qəbul olunur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin qarşıdurmadan əməkdaşlığa keçməsi, nəqliyyat və enerji sahəsində məhdudiyyətlərin aradan qaldırılması region üçün tamamilə yeni bir mərhələnin başlandığını sübut edir. Məncə, bu siyasət təkcə dövlətlərin deyil, sadə insanların da rifahına xidmət edir.
    Prezidentin ölkədaxili sabitliklə bağlı fikirləri də bir vətəndaş olaraq mənə güvən hissi verdi. Bu gün Azərbaycanda daxili risklərin olmaması, sabitliyin və ictimai təhlükəsizliyin təmin edilməsi dövlətin apardığı düzgün siyasətin nəticəsidir. Xarici risklərin isə məhz regional proseslərdən qaynaqlandığını açıq şəkildə ifadə etməsi göstərir ki, Azərbaycan reallıqları düzgün qiymətləndirir və emosional deyil, rasional yanaşma sərgiləyir. Sülhün, sabitliyin və proqnozlaşdırılan mühitin ən böyük sərvət kimi təqdim olunması isə xüsusilə müharibə görmüş bir xalq üçün son dərəcə doğru və həyati yanaşmadır.
    Enerji məsələlərində Azərbaycanın mövqeyi də bu müsahibədə bir daha aydın oldu. Azərbaycan artıq təkcə regional deyil, qlobal enerji təhlükəsizliyinin əsas iştirakçılarından biridir. Avropa ölkələrinin enerji ehtiyaclarının təminində ölkəmizin oynadığı rol, boru kəmərlərinin geniş coğrafiyanı əhatə etməsi və etibarlı tərəfdaş imici Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bir vətəndaş kimi bunu görmək qürurvericidir, çünki enerji siyasəti təkcə iqtisadi gəlir deyil, həm də siyasi müstəqillik deməkdir.
    Avropa Parlamentinin Azərbaycana qarşı illərdir davam edən qərəzli mövqeyinə reaksiya verilməməsi ilə bağlı Prezidentin açıqlaması da mənim üçün anlaşılan və məntiqli mövqedir. Ədalətsiz və ikili standartlara əsaslanan tənqidlərə cavab vermək əvəzinə, real tərəfdaşlarla əməkdaşlığa üstünlük vermək Azərbaycanın siyasi yetkinliyini göstərir. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədiyi bir dövrdə ölkəmizi “təcavüzkar” kimi təqdim etməyə çalışan dairələrin nə qədər reallıqdan uzaq olduğu aydın görünür.
    Nəticə etibarilə, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə mənim üçün sadəcə bir müsahibə deyil, Azərbaycanın bugünkü dünyada necə düşünən, necə hərəkət edən və gələcəyə necə baxan bir dövlət olduğunu göstərən aydın mesajdır. Bu mesaj sülhə, sabitliyə, milli maraqlara və müstəqil siyasətə söykənir. Bir Azərbaycan vətəndaşı olaraq düşünürəm ki, məhz bu mövqeyin nəticəsində ölkəmiz həm regionda, həm də beynəlxalq müstəvidə güclü və söz sahibi olan dövlət kimi yoluna davam edəcək.
    Xocalı rayon gənci Vüsal Mustafayev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib19 dəfə
    Yeni dünya reallıqları fonunda Azərbaycanın səsi mövqeyi

    Maraqlı gələ bilər
    106