Azərbaycanın görkəmli alimi, istedadlı oftalmoloqu, mərhəmətli həkimi və dəyərli ziyalısı Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Onun bütün həyatı Azərbaycan tibb elminə, insan sağlamlığına, cəmiyyətin rifahına və gənc nəslin maarifləndirilməsinə həsr olunmuşdur.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində ali təhsil alan Zərifə xanım, 1947-ci ildə bu təhsil ocağını əla qiymətlərlə başa vuraraq həkimlik sənətinin çətin, lakin şərəfli yoluna qədəm qoyur. Elmi fəaliyyətə olan marağı və peşəsinə sonsuz sevgisi onu 1949-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutuna gətirir. Burada elmi işçi kimi fəaliyyət göstərən Zərifə Əliyeva, həmçinin praktik həkim olaraq da özünü təsdiqləyir.
XX əsrin ortalarında Azərbaycanda geniş yayılan traxoma infeksiyası ilə mübarizə məhz onun həyatında dönüş nöqtəsi olur. O, bu xəstəliyin qarşısının alınması və müalicəsi üçün ölkənin müxtəlif bölgələrinə səfərlər edir, maarifləndirici məruzələr oxuyur, həkimlərə təlimlər keçir və effektiv müalicə metodları tətbiq edir. Onun 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası – “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” – Azərbaycan səhiyyəsində dönüş yaradır. Bu uğurlu tədqiqat nəticəsində ölkə traxoma bəlasından xilas olur və Zərifə xanımın adı xalq arasında böyük hörmət qazanır.
Zərifə Əliyeva yalnız xəstəliklərlə deyil, həm də insanlarla dərindən maraqlanırdı. O, uşaq evlərində yaşayan kimsəsiz uşaqların sağlamlığı ilə xüsusi maraqlanır, onların göz sağlamlığını qorumaq üçün kompleks tədbirlər həyata keçirirdi. Bu misilsiz xidmətləri ilə o, yalnız böyük bir alim kimi deyil, eyni zamanda böyük bir insan kimi yaddaşlara həkk olunur.
1967-ci ildə Zərifə xanım, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent kimi dəvət olunur. Bu institut onun atası – görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adını daşıyırdı. Burada çalışdığı illərdə Zərifə xanım həm elmi, həm də pedaqoji fəaliyyətini davam etdirir. O, yalnız klinik fəaliyyəti ilə deyil, həm də oftalmologiya sahəsində çalışan digər təşkilatlarla əməkdaşlıq edərək elmin və səhiyyənin inkişafına töhfələr verir.
Zərifə xanımın elmi maraqları geniş spektri əhatə edirdi. Traxomadan əlavə, o, qlaukoma xəstəliyinin, gözün peşə patologiyalarının və görmə orqanının iltihabi xəstəliklərinin araşdırılması ilə də məşğul olmuşdur. Onun doktorluq dissertasiyası – “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” – kimi mövzular, göz orqanının zərərli maddələrlə təmasda olması nəticəsində yaranan peşə xəstəliklərinin dərin elmi təhlili idi. Bu işini o, H. Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə etmiş və 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1983-cü ildə Zərifə xanım, Azərbaycan Elmlər Akademiyasının akademiki seçilərək bu adın ucalığına layiq olduğunu bir daha sübut etmişdir. Onun elmi irsi olduqca zəngindir – 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərs vəsaitlərinin, ixtiraların və səmərələşdirici təkliflərin müəllifi olmuşdur. Onun müəllifi olduğu “Terapevtik oftalmologiya” əsəri bu gün də oftalmoloqlar üçün əsas mənbə kimi qəbul edilir.
Alimin xidmətləri yalnız tibb sahəsi ilə məhdudlaşmırdı. O, həm də dərin ictimai fəaliyyət göstərmiş, bir sıra nüfuzlu qurumların – SSRİ və Azərbaycan Sülhü Müdafiə Komitələrinin, “Bilik” Cəmiyyətinin, Oftalmoloqlar Elmi Cəmiyyətinin və “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin fəal üzvü olmuşdur. O, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın alim olmuşdur.
Zərifə xanımın insanlara, xüsusilə də gənclərə olan sevgisi, onların elmi və peşəkar inkişafına verdiyi dəstək “Yüksək etimad” kitabında da öz əksini tapmışdır. O, daim tələbələrinin yanında olmuş, onları həm elmi, həm də insani dəyərlərlə böyütmüşdür.
Zərifə xanım Əliyeva həm də böyük bir ailənin mərkəzində, ana, həyat yoldaşı kimi öz ali missiyasını daima yüksək səviyyədə yerinə yetirmişdir. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “O, ailəmizdə çox yüksək mənəvi mühit yaratmışdı və mənim dövlət işində müvəffəqiyyətli fəaliyyətimdə onun rolu əvəzsiz olmuşdur.”
Zərifə Əliyeva 1985-ci ilin aprelin 15-də Moskva şəhərində vəfat etmiş və sonradan Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. 2023-cü ildə ölkəmiz onun 100 illik yubileyini yüksək səviyyədə qeyd etmişdir. Prezident İlham Əliyev onun haqqında deyir: “O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır.”
Zərifə Əliyeva Azərbaycan qadınının, aliminin və ziyalısının ən ali keyfiyyətlərini özündə birləşdirən şəxsiyyət idi. O, həm həyat, həm də ölüm ilə insanlara nümunə olmuş, xatirəsi xalqın qəlbində əbədi yaşamışdır. Bu böyük alimi və fədakar insanı anmaq, onun əziz xatirəsini yaşatmaq hər bir azərbaycanlının borcudur.
Xocalı rayon ziyalısı Leyli Yusifova