Novruz bayramı Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biridir. Min illərdir ki, bu bayram baharın gəlişini, təbiətin oyanmasını və yenilənməni simvolizə edir. Novruzun kökləri Zərdüştilik dövrünə qədər uzansa da, zamanla xalqımızın milli dəyərləri və adət-ənənələri ilə zənginləşmiş, bugünkü möhtəşəm formasına çatmışdır.
Novruz təkcə təbiət hadisəsi deyil, həm də xalqın birliyini, həmrəyliyini və qədim inanclarını yaşadan böyük mənəvi dəyərdir. Bu bayram ailələrin bir yerə toplaşdığı, insanların inciklikləri unutduğu və gələcəyə ümidlə baxdığı bir gündür. Bayramın əsas rəmzlərindən biri səmənidir. Səməni bolluq və firavanlığın rəmzi olaraq hər evdə cücərdilir. O, yaşıl rengi ilə baharın və təzə həyatın başlanğıcını təcəssüm etdirir.
Novruzun ən maraqlı adətləri dörd çərşənbə ilə bağlıdır. Hər həftə qeyd edilən Su, Od, Yel və Torpaq çərşənbələri insanla təbiət arasında mövcud olan dərin bağlılığı simvolizə edir. Su çərşənbəsində suyun təmizləyici gücünə inanılır, Od çərşənbəsində tonqallar qalanaraq onların üzərindən atlanılır, Yel çərşənbəsində bahar küləyinin əsib soyuq havaları qovacağı düşünülür, Torpaq çərşənbəsi isə torpağın canlanmasını və təbiətin tam oyanmasını bildirir.
Novruz axşamı süfrəyə xüsusi nemətlər düzülür. Ənənəyə görə, süfrədə yeddi “S” hərfi ilə başlayan məhsullar olmalıdır. Həmçinin bayramın əsas şirniyyatları olan şəkərbura, paxlava, qoğal və badamlı da süfrəni bəzəyir. Novruzun sevimli rituallarından biri papaqatmadır. Uşaqlar və gənclər papaqlarını qonşu qapılarına ataraq pay gözləyirlər. Bu adət birlik və paylaşma ruhunu yaşadır.
Novruz xalqımızın milli kimliyinin ayrılmaz hissəsidir. Bu bayram təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında və Şərq xalqları arasında geniş qeyd olunur. UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi isə onun bəşəriyyət üçün nə qədər dəyərli olduğunu sübut edir.
Novruzun gəlişi yeni arzuların, ümidlərin və xoşbəxt anların başlanğıcıdır. Bu bayram bizə bir daha xatırladır ki, təbiət yeniləndikcə, insanlar da ruhən təmizlənir və yeni başlanğıclara doğru addımlayırlar.
Xocalı rayon ziyalısı Mətanət Zamanova