Hər xalqın tarixində elə bir an olur ki, səslər yetmədikdə, söz danışmağa başlayır. Söz – təkcə fikir daşıyıcısı deyil, həm də yaddaş, kimlik və dirəniş vasitəsidir. Azərbaycan xalqı üçün isə bu söz ilk dəfə qəzət vərəqlərinə köçdü, mürəkkəblə damğalanıb zamanın axarına buraxıldı. 1875-ci il iyulun 22-də “Əkinçi”nin sətirləri sadəcə bir qəzetin başlanğıcı deyildi – bu, bir xalqın özünü tanımaq, haqqını danışmaq, düşüncəsini ifadə etmək cəhdinin ilk səsi idi.
Həsən bəy Zərdabinin qələmindən doğan “Əkinçi” millətin oyanışına çağırış idi. Bu qəzetdə yazılan hər kəlmə, hər fikir – savadsızlığa, cəhalətə və geriliyə qarşı səssiz bir üsyan idi. Hələ o dövrdə belə, mətbuat insanları birləşdirən, maarifə səsləyən, zamanla ayaqlaşmağın yollarını göstərən bir mayaka çevrilmişdi.
Zaman keçdi. Dövrlər dəyişdi. Rejimlər, müstəmləkələr, ideologiyalar gəldi və getdi. Amma mətbuat – sözün dayağı, millətin aynası – dəyişmədi. O, həmişə buradaydı. Bəzən qadağalar içində boğulsa da, yenidən nəfəs almağı bacardı. Çünki mətbuat cəmiyyətin canlı yaddaşıdır – nəinki hadisələri, həm də hissləri, ümidləri, qorxuları və arzuları yazıya çevirən bir ruhdur.
XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"i bu ruhun satira ilə cəmiyyəti silkələdiyi dövrdür. Əli bəy Hüseynzadənin “Füyuzat”ı ilə milli romantizm ruhu boy göstərdi. Hər biri bir dövrün söz arxitekturasını qurdu, bir nəsli tərbiyə etdi, cəmiyyətin güzgüsünü daha aydın göstərdi.
Müstəqillik illərində isə mətbuat yeni nəfəs aldı. Söz azadlığı artıq xalqın iradəsinin ifadəsinə çevrildi. Çətinliklər, təzyiqlər olsa da, jurnalistika qaranlıqlara işıq salmaqdan imtina etmədi. Çünki hər bir mətbuat orqanının arxasında bir vicdan, bir məsuliyyət durur: həqiqəti demək, susmamaq, unutmamaq.
Və bu gün... Mətbuat artıq sadəcə kağız üzərində deyil. O, barmaqların toxunduğu ekranlarda, sosial şəbəkələrdə, xəbərin saniyələrlə ötürüldüyü virtual kainatdadır. Jurnalist isə daha artıqdır – həm tədqiqatçı, həm analizçi, həm də informasiya cəngəlliyində yol göstərən bir bələdçidir. Müasir dövrdə informasiya bolluğu içində həqiqətə aparan yolun adı etibarlı medianın özüdür.
Azərbaycanın müasir mətbuatı artıq təkcə ölkə daxilinə deyil, dünyaya səslənir. Qarabağ həqiqətlərini, 44 günlük Vətən müharibəsində haqq savaşımızı dünya ictimaiyyətinə çatdırmaqda jurnalistlər bir ön cəbhə döyüşçüsü kimi çıxış etdilər. Kəlbəcərin dağlarında, Şuşanın sıldırım yollarında, Tərtərin səngərlərində – mikrofon silah oldu, obyektiv sipər, sətirlər isə tarix yazan izlər...
Bugünkü medianın vəzifəsi sadəcə xəbər vermək deyil – həm də düzgün yönləndirmək, maarifləndirmək, milli-mənəvi dəyərləri qorumaq və onları gələcək nəsillərə ötürməkdir. Bu səbəbdəndir ki, Azərbaycan dövləti medianın inkişafına xüsusi diqqət ayırır. Yeni qanunvericilik bazası, jurnalistlər üçün şəraitin yaxşılaşdırılması, peşəkarlığın artırılması üçün təlim və layihələr – bütün bunlar sözə, mətbuata verilən dəyərin ifadəsidir.
Mətbuat – xalqın danışan qəlbidir. O qəlb nə qədər azad döyünərsə, cəmiyyət də bir o qədər sağlam olar. “Əkinçi” ilə başlayan bu yol – indi rəqəmsal məkanda, süni intellektin dünyasında belə, öz sözünü deməkdədir. Çünki zaman dəyişsə də, sözün missiyası dəyişmir – insanın səsini cəmiyyətə, xalqın səsini tarixə çevirmək.
Xocalı rayon ziyalısı Anar Əliyev