Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyevin Davos müsahibəsi: bir vətəndaşın baxışından Azərbaycanın bu günü və sabahı

0


  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibəni bir Azərbaycan vətəndaşı kimi diqqətlə izlədim və bu müsahibə məndə böyük qürur hissi yaratdı. Çünki dövlətimizin başçısının səsləndirdiyi fikirlər təkcə siyasi mövqelərin ifadəsi deyil, eyni zamanda ölkəmizin son illərdə keçdiyi çətin, lakin şərəfli yolun, qazandığı nailiyyətlərin və gələcəyə inamla baxmasının aydın göstəricisidir. Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə yaranmış yeni reallıqlar barədə dedikləri bu gün dünyada baş verən prosesləri çox dəqiq əks etdirir. Artıq beynəlxalq hüququn hər kəs üçün bərabər şəkildə işləmədiyi bir dövrdə yaşadığımızı hər birimiz görürük. Belə bir şəraitdə Azərbaycanın milli maraqlara əsaslanan, eyni zamanda beynəlxalq hüquqa hörmət edən siyasət yürütməsi bir vətəndaş olaraq mənim üçün qürurvericidir. Çünki biz haqq yolunda mübarizə apararaq həm ədaləti, həm də suverenliyimizi bərpa etdik.
    Prezidentin Qafqazda sülhün qurulması ilə bağlı fikirləri isə hər bir azərbaycanlının ürəyindən xəbər verir. Otuz ildən artıq münaqişə, işğal və müharibə yaşamış bir xalq olaraq bu gün sülh şəraitində yaşamağın necə böyük nemət olduğunu hamımız dərk edirik. Dövlət başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini də məhz bu sülh siyasətinə verilən beynəlxalq qiymət kimi qəbul edirəm. Azərbaycan ilk dəfədir ki, müstəqillik tarixində real sülh mühitini yaşayır və bu, təkcə siyasi sənədlərdə deyil, real həyatda da özünü göstərir. Ermənistanla münasibətlərin qarşıdurmadan əməkdaşlığa keçməsi, yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, hətta bu ölkənin enerji təminatında Azərbaycanın rol alması onu göstərir ki, ölkəmiz bölgədə həqiqətən də sülh və əməkdaşlıq istəyir. Bu siyasətin nəticəsində Cənubi Qafqazın münaqişə bölgəsi yox, inkişaf və sabitlik məkanına çevriləcəyinə inanmaq üçün ciddi əsaslar var.
    Prezident İlham Əliyevin ölkə daxilində sabitliklə bağlı səsləndirdiyi fikirlər də bir vətəndaş olaraq mənə böyük arxayınlıq verir. Bu gün Azərbaycanda daxili sabitlik möhkəmdir, cəmiyyət bir amal ətrafında birləşib və bütün potensial təhlükələrin əsasən xaricdən qaynaqlandığı açıq şəkildə görünür. Müharibənin, itkilərin və ağrı-acıların nə demək olduğunu yaxşı bilən xalq olaraq biz sülhün və təhlükəsizliyin dəyərini daha dərindən anlayırıq. Prezidentin regionda sabitliyin ən böyük sərvət olduğunu vurğulaması hər bir azərbaycanlının düşüncəsi ilə üst-üstə düşür. Enerji bazarları ilə bağlı səsləndirilən fikirlər isə göstərir ki, Azərbaycan təkcə siyasi baxımdan deyil, iqtisadi baxımdan da özünü etibarlı və güclü tərəfdaş kimi təsdiqləyib.
    Xüsusilə Azərbaycanın enerji sahəsində oynadığı rol bir vətəndaş olaraq məndə böyük fəxarət hissi yaradır. Bu gün Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə ölkə məhz Azərbaycandır. Avropanın enerji təhlükəsizliyində ölkəmizin mühüm yer tutması, artıq 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə qaz ixrac etməyimiz Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Boru kəmərlərinin coğrafi əhatəsinə görə dünyada birinci yerdə olmaq sadəcə statistik göstərici deyil, bu, Azərbaycanın strateji əhəmiyyətinin açıq sübutudur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Avropa üçün Azərbaycan etibarlı enerji mənbəyi, Azərbaycan üçün isə Avropa bazarı yüksək dəyərli və perspektivli bazardır. Bu qarşılıqlı fayda ölkəmizin iqtisadi gücünü daha da artırır.
    Avropa Parlamentinin Azərbaycana qarşı illərdir davam edən qərəzli mövqeyinə Prezident İlham Əliyevin verdiyi aydın və qəti cavab da bir vətəndaş kimi mənim üçün çox əhəmiyyətlidir. Dövlətimizin başçısının bu cür ədalətsiz yanaşmalara artıq reaksiya verməməsi Azərbaycanın nə qədər müstəqil və özünə güvənən siyasət yürütməsinin göstəricisidir. Ermənistanın belə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyi bir vaxtda, bəzi Avropa dairələrinin köhnə və əsassız ittihamlarla çıxış etməsi onların özlərini nə qədər ziddiyyətli vəziyyətə saldıqlarını göstərir. Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması isə bir daha sübut edir ki, ölkəmiz regionda sülhün əsas təşəbbüskarıdır.
    Nəticə etibarilə, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi bu müsahibə bir Azərbaycan vətəndaşı kimi mənə bir daha inam verdi ki, ölkəmiz düzgün yoldadır. Azərbaycan bu gün güclü dövlətdir, sabitdir, sülh istəyir və eyni zamanda öz milli maraqlarını qətiyyətlə qoruyur. Bu siyasətin nəticəsində Azərbaycanın bölgədə və dünyada mövqeləri daha da möhkəmlənəcək və biz vətəndaşlar bu inkişafın şahidi olmaqdan qürur duyacağıq.
    Xocalı rayon ziyalısı Ramiz Qəhrəmanov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib21 dəfə
    Prezident İlham Əliyevin Davos müsahibəsi: bir vətəndaşın baxışından Azərbaycanın bu günü sabahı

    Maraqlı gələ bilər
    85
    119
    137
    259