23.06.2025-ci il tarixdə Xocalı rayon əhalisinin kompakt şəkildə məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 №-li Sərəncamının icrası ilə əlaqədar olaraq maarifləndirici görüş keçirilmişdir.
Tədbir çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən mərhələdə aşkar edilməsi və onların aradan qaldırılması məqsədi ilə rayon ictimaiyyəti üçün təşkil olunmuşdur. Görüşdə bildirilib ki, sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının təmin edilməsi, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının genişləndirilməsi Dövlət Proqramının əsas prioritet istiqamətlərindəndir.
Çıxışlar zamanı vurğulanmışdır ki, bu məqsədlərə nail olmaq üçün qabaqcıl yerli və beynəlxalq təcrübədən yararlanmaqla normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi vacibdir. Qeyd olunmuşdur ki, sosial xidmət sisteminin inkişaf səviyyəsini şərtləndirən əsas amil göstərilən xidmətlərin keyfiyyəti və səmərəliliyidir və bu sahə mütəmadi nəzarətdə saxlanılmalıdır.
Tədbir çərçivəsində eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi, innovativ texnoloji həllərin sosial xidmət sahəsinə tətbiqi imkanları müzakirə edilmiş, mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Görüş iştirakçıları belə maarifləndirici tədbirlərin əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını qeyd etmiş və gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulamışlar.