0
Avropa çempionatında güləş üzrə milli komandamızın komanda hesabında birinci olması hər birimizi sevindirən və qürurlandıran böyük hadisədir. Bu uğur təkcə idmançıların deyil, bütövlükdə xalqın qələbəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin güləşçilərlə görüşündə səsləndirdiyi fikirlər də göstərir ki, dövlət səviyyəsində bu nailiyyətə yüksək qiymət verilir və idmançılarımızın zəhməti layiqincə dəyərləndirilir.
Bu gün dünya və Avropa güləşində rəqabət çox güclüdür. Belə bir şəraitdə Azərbaycan idmançılarının bütün rəqiblərini geridə qoyaraq birinci olması təsadüfi deyil. Bu, həm peşəkarlığın, həm də illərlə formalaşmış güclü məktəbin nəticəsidir. Yarışları izləyən hər kəs görürdü ki, güləşçilərimiz təkcə fiziki gücləri ilə deyil, həm də iradələri və qələbə əzmləri ilə seçilirdilər.
Xüsusilə sevindirici məqam ondan ibarətdir ki, bu uğurlarda gənc idmançıların da payı böyükdür. Bu isə o deməkdir ki, Azərbaycan güləşinin gələcəyi etibarlı əllərdədir. Məşqçilərin, federasiyanın və ümumilikdə idman sisteminin düzgün fəaliyyəti nəticəsində yeni nəsil uğurla yetişir və əvvəlki nəsillərin yolunu davam etdirir.
Ölkəmizdə idmana göstərilən diqqət və qayğı da bu nəticələrin əsas səbəblərindəndir. Müasir idman infrastrukturu, bölgələrdə yaradılan şərait və keçirilən beynəlxalq yarışlar gənclərin idmana marağını artırır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində yetişən idmançılar beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər.
Digər tərəfdən, idmançılarımızın davranışı da hər zaman nümunəvi olub. Onlar həm yarış zamanı, həm də gündəlik həyatda yüksək mədəniyyət nümayiş etdirirlər. Bu isə onların qazandıqları medallar qədər dəyərli hesab olunur. Çünki idman yalnız fiziki güc deyil, həm də mənəvi dəyərlərin göstəricisidir.
Bəzən yarışlarda ədalətsizliklərlə də qarşılaşmaq olur. Amma buna baxmayaraq, Azərbaycan idmançıları hər zaman ləyaqətli mövqe nümayiş etdirərək ölkənin nüfuzunu qoruyurlar. Bu xüsusiyyət onları digərlərindən fərqləndirən əsas cəhətlərdən biridir.
Bu gün Azərbaycan idmanı inkişaf edir, güclənir və yeni zirvələr fəth edir. Güləşçilərimizin Avropa çempionatındakı qələbəsi isə bu inkişafın bariz nümunəsidir. İnanırıq ki, bu uğurlar davamlı olacaq və üçrəngli bayrağımız beynəlxalq arenalarda daha çox yüksələcək.
Xocalı rayon ziyalısı Anar Əliyev
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 gün öncə |
| İzlənib | 17 dəfə |