Azərbaycan xalqı üçün 20 sentyabr tarixi sadəcə bir gün deyil, milli yaddaşın, qürurun və ədalətin təntənəsi kimi xatırlanır. Məhz bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri uzun illərin həsrətindən sonra tam olaraq dövlətimizin nəzarətinə qayıdaraq, ərazi bütövlüyümüzün bərpasında mühüm bir mərhələni təsdiqlədi.
Qarabağın mərkəzi olan Xankəndinin azadlığı həm strateji, həm də siyasi baxımdan əvəzsiz əhəmiyyət daşıyır. Bu şəhər Azərbaycanın mədəniyyət, iqtisadi və ictimai həyatında yenidən öz yerini tutacaq, bölgənin dirçəlişinə yol açacaq.
Xocalı adı isə xalqımızın qan yaddaşında yaşayır. 1992-ci ilin qətliamı bütün dünyada erməni vəhşiliyinin simvoluna çevrildi. Bu gün Xocalının azadlığı şəhidlərin ruhuna rahatlıq, Azərbaycan xalqına isə ədalətin təcəssümü oldu.
Xocavənd və Ağdərə şəhərlərinin qurtuluşu da ərazilərimizin tam təhlükəsizliyini təmin etdi. Bu bölgələrdə yeni infrastruktur layihələrinin icrası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı artıq reallığa çevrilir.
20 sentyabr tarixi həm də dünyaya bir mesajdır: Azərbaycan xalqı heç vaxt torpaqlarını güzəştə getməz, haqq yolunda mübarizəsini sona qədər aparar.
Xocalı rayon ziyalısı Fəxrəddin Əliyev