Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Dövlət başçısı çıxışında ABŞ administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibəti yüksək qiymətləndirərək Tramp-Vens komandasına minnətdarlığını bildirdi və Vitse-prezidentin səfərini ölkəmiz üçün böyük şərəf adlandırdı. Prezident qeyd etdi ki, keçirilən görüşlərdə ikitərəfli gündəliyin geniş spektrini əhatə edən məsələlər müzakirə olunub və əldə edilən razılaşmalar əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradıb. Xüsusilə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması son altı ay ərzində aparılan intensiv diplomatik fəaliyyətin real nəticəsi kimi qiymətləndirildi. Vaşinqtonda Prezident Donald Trampla keçirilmiş tarixi görüş və işçi qrupunun yaradılması barədə sənədin imzalanması isə bu prosesin başlanğıc nöqtəsi olmaqla tərəflər arasında yeni imkanlar açıb.
Prezident İlham Əliyev vurğuladı ki, dünyanın ən qüdrətli dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Dövlət başçısı ABŞ rəhbərliyinə Cənubi Qafqazda sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə təşəkkür edərək ötən ilin avqustunda Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını region üçün tarixi addım kimi dəyərləndirdi. Prezident Trampın iştirakı ilə imzalanmış Sülh haqqında Birgə Bəyannamə regionda yeni reallıqlar yaradıb və artıq altı aydır davam edən sülh mühiti tərəflərin qarşılıqlı etimadının formalaşmasına xidmət edir. Prezidentin sözləri ilə desək, tərəflər sülh şəraitində yaşamağı öyrənir və bu proses regionun gələcək inkişafı üçün möhkəm əsas yaradır.
Bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri Tramp-Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi oldu. Prezident İlham Əliyev bu layihəni regionun iqtisadi və nəqliyyat xəritəsini dəyişdirəcək strateji təşəbbüs kimi xarakterizə etdi. Layihə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə kifayətlənməyəcək, eyni zamanda Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazisindən keçərək Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz daşımalar dəhlizi yaradacaq. Dövlət başçısı bildirdi ki, Azərbaycan artıq Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb və hətta neft məhsullarının tədarükünə başlayıb. Bu addımlar ticarətin və regional əməkdaşlığın başlanğıcını qoyaraq sülhün iqtisadi dayaqlarını möhkəmləndirir.
İmzalanmış Strateji Tərəfdaşlıq Xartiyası isə Azərbaycan-ABŞ münasibətlərinin hüquqi və institusional əsaslarını daha da gücləndirir. Sənəddə tərəflər bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü bir daha təsdiqləyərək diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək niyyətlərini bəyan edirlər. Xartiya regional bağlantıların inkişafını, xüsusilə Trans-Xəzər Nəqliyyat Dəhlizi və Orta Dəhliz üzrə birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur. Enerji sahəsində Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir və neft, qaz, elektrik enerjisi, eləcə də mülki nüvə əməkdaşlığının genişləndirilməsi planlaşdırılır. Kritik mineralların qlobal bazarlara daşınması, ticarət və sərmayə axınlarının artırılması kimi istiqamətlər də sənədin prioritetləri sırasındadır.
Xartiyada iqtisadi sərmayələr və texnoloji inkişaf mühüm yer tutur. ABŞ Azərbaycanın qlobal iqtisadiyyata daha da inteqrasiya olunması səylərini alqışlayır və ölkəmizin Xəzər regionunda enerji, logistika, maliyyə və data mərkəzi kimi rolunun gücləndirilməsini dəstəkləyir. Tərəflər süni intellekt sahəsində tərəfdaşlığın genişləndirilməsi, data mərkəzlərinin yaradılması, kosmik sənaye üzrə əməkdaşlıq imkanlarının araşdırılması və rəqəmsal infrastruktura sərmayələrin təşviqi barədə razılığa gəliblər. Bununla yanaşı, innovasiya platformalarının yaradılması, kibertəhlükəsizlik sahəsində birgə təşəbbüslər və texnoloji işçi qüvvəsinin inkişafı kimi məsələlər də gələcək əməkdaşlığın əsas istiqamətlərindən hesab olunur.
Təhlükəsizlik sahəsində əməkdaşlıq da strateji tərəfdaşlığın ayrılmaz hissəsi kimi təqdim edilir. Sənəddə müdafiə sənayesi məhsullarının satışı, antiterror fəaliyyətinin genişləndirilməsi, kibertəhlükəsizlik imkanlarının artırılması və humanitar minatəmizləmə sahəsində birgə fəaliyyət nəzərdə tutulur. ABŞ Azərbaycanın beynəlxalq sülhməramlı missiyalara verdiyi töhfələri yüksək qiymətləndirir və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirir. Mina ilə çirklənmiş ərazilərin təmizlənməsi üçün maliyyə və texnoloji dəstəyin göstərilməsi isə postmünaqişə dövründə regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verə bilər.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni də xüsusi vurğuladı. Hazırda Azərbaycan təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir ki, onların 11-i NATO üzvü və ABŞ-ın müttəfiqidir. Bu fakt ölkəmizin beynəlxalq enerji bazarında strateji aktor kimi mövqeyini bir daha təsdiqləyir. Eyni zamanda müdafiə məhsullarının satışı sahəsində yeni səhifənin açılması və süni intellekt mərkəzlərinin yaradılması istiqamətində artıq ilkin nəticələrin əldə olunması tərəfdaşlığın çoxşaxəli xarakter daşıdığını göstərir.
Bəyanatın yekununda Prezident İlham Əliyev Vitse-prezident Cey Di Vensin səfərini imzalanmış Strateji Xartiya, aparılan danışıqların məzmunu və qonağa göstərilən yüksək ehtiram baxımından tarixi hadisə kimi qiymətləndirdi. Şübhəsiz ki, bu səfər və imzalanan sənədlər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin daha da möhkəmlənməsinə, regionda sülhün və sabitliyin güclənməsinə, eyni zamanda geniş iqtisadi və texnoloji əməkdaşlığın formalaşmasına xidmət edəcək. Yeni strateji mərhələ yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün də mühüm perspektivlər vəd edir.
Xocalı rayon ziyalısı Şəhriyar Quliyev