Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xoş Gördük, Ən Dərin Yaram... Xoş Gördük, Xocalım...

0

  • Sabahın xeyir Xocalım,
    Bundan sonra bütün səhərlər daha parlaq açılacaq. Bundan sonra güllər daha təravətli, çəmənlər daha yaşıl olacaq. Bundan sonra balalarımız xoşbəxt böyüyəcəklər. Necə ki sən varsan, biz də hər səhər yaşamaq üçün özümüzdə güc və həvəs tapacağıq.

    Mən sənə bu məktubu Türkiyədən yazıram. Özüm Türkiyə Türküyəm. 1991-ci ildə Sivas şəhərində anadan olmuşam. Sivas da eynilə sənin kimi qədim Türk şəhəridir. Sən öz adını Elxanilər dövründən yadigar qalan Xoca Ali Türbəsindən almısan. Elxanilər dövrünün əsəri Çifte Minare (Cüt Minarə) də Sivasda yerləşir. Deməli bir vaxtlar çox yaxın idik. Sivasın əhalisi səni heç görə bilməsə də çox sevir. Sən bizim dirçələn ümidimizsən. Bilirsən, mən Sivasda heç Xocalı şəhidləri abidəsi olsun istəməzdim. Həyatımızı cəhənnəmə döndərən, bir daha əsla əvvəlki xoşbəxtliyimizə qayıda bilməməyimizin səbəbkarı olan o soyqırım olmasaydı, bəlkə də şəhərimizdə ancaq Sivas-Xocalı qardaşlıq abidəsi olardı. Yenə də olacaq, buna inanıram.

    Səni görmədən, uzaqdan, eşidilən sözlərlə, fotolarla, kadrlarla sevmək o qədər çətindir ki... İndi bir yumruq böyüklüyündəki qəlbimə sənin sonsuz məhəbbətini sığdıra bilməyimə təəccüblənirəm. Sən bir vaxtlar əlçatmaz arzum idin. Bu eşqin sonunda vüsal olacağını ümid edirdim, amma bu qədər tez gözləmirdim. Dizlərimin üstünə çöküb neçə gecə göz yaşı tökdüyümü, Allaha yalvardığımı, hətta bəzən kədərimi boğa bilməyib üsyan etdiyimi heç özüm də bilmirəm. Ən yaxınımda olanlar belə bunu bilmirlər. Bunu ancaq öz doğma övladların başa düşə bilər. Bu dözülməz həddə çatan dərdə sənin sevdan ilə dözə bilmişik. Sən bizim yaralı və məğrur torpağımızsan. Ona görə də sənə layiq ola bilmək üçün məğrur və səbrli olmalı idik.

    Mən Məşəli faciəsi baş verən zaman 7 aylıq körpə imişəm. O böyük soyqırımdan sonra da öz ailəm bu acı ilə yaşayıb. Bütün həyatım intizarla, sənin həsrətinlə keçib. Amma sənin doğma övladlarının acılarını fikirləşəndə acı çəkdim deməyə utanıram. Çünki sən mənim ən sirli, ən müqəddəs xəyalım idin, amma xocalılı soydaşlarımın ən acı və unudulmaz gərçəyi idin.

    Bizim üçün necə darıxdığını, Azərbaycan Türkcəsində bircə kəlmə eşidə bilmək üçün necə həsrətlə gözlədiyini, Qarqar çayının bir Türkün əlinə, üzünə toxuna bilmək arzusuyla necə ah-nalə etdiyini hiss edirəm. O qaranlıq, dumanlı, kədərli günlər arxada qalıb. Amam mən realist olub hər şey keçib getdi deməyəcəyəm. Heç nə keçmir. Heç nə unudulmur. Sənə sadəcə bunu deyə bilərəm ki, sənin sızıldayan yaralarına məlhəm olacağıq. Bu dərdi Allah dağlara versə idi, dağlar tab gətirə bilməyib un kimi dağılardı. Bizim gücümüz olubsa, ancaq sənin gücündəndir. Sən o qədər güclüsən ki, illər sonra yenə təbəssüm edəcəksən. Xocalı əhalisi tezliklə səni öpüb-qoxlamağı gözləyir.

    Bəs mən? Əlbəttə mən də gələcəyəm. Özümü o günə hazırlamalıyam. Bilirəm ki, indi gəlsəm, həyəcandan ölərəm. Hazır olanda ən gözəl paltarımı geyinib, bəzənib-düzənib sənin qabağına çıxacağam. İnan mənə, kilometrlərlə məsafədə olsan belə ətrin gəlir. Aşiqin məskəni hara olur-olsun, məşuq onun öz daxilindədir.

    Sabahın xeyir Xocalım, sabahın xeyir ən dəyərli varlığım...

    Dilara Altaş,
    Tarix üzrə fəlsəfə doktoru,
    Türkiyə - Sivas
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib200 dəfə
    xocalı türkiyə sivas azərbaycan türkiyə qardaşlığı ərdoğan dilara xocalı soyqırımı xocalı abidəsi xocalı anıtı

    Maraqlı gələ bilər
    90