2021-ci il 15 iyun tarixi təkcə bir sənədin imzalanması ilə yox, bir millətin taleyində yeni bir səhifənin açılması ilə yadda qaldı. Bu tarixdə Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan – Qarabağın incisi, mədəniyyət paytaxtımız Şuşada “Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar.
Bu sənəd, təkcə iki qardaş ölkənin diplomatik əlaqələrinin inkişafını deyil, əsrlərlə davam edən birliyimizin hüquqi və strateji zəminə keçməsini təsdiqlədi. Artıq bu münasibətlər sadəcə dostluqla izah edilmir – bu, rəsmi müttəfiqlik əlaqələridir. Müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhsil sahələrində dərin əməkdaşlıq nəzərdə tutulur. Ən əsası isə – bir ölkəyə qarşı təhlükə yaranarsa, digərinin dəstəyi qaçılmaz olacaq.
Şuşada imzalanan bu bəyannamə həm də tarixin ədalətinin bərpası idi. Uzun illər işğal altında olan və 2020-ci ildə müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilən Şuşa, indi qələbənin rəmzinə çevrilmişdir. Məhz bu müqəddəs torpaqda Türkiyə və Azərbaycan liderlərinin bir araya gələrək tarixi sənədə imza atmaları, siyasi məna ilə yanaşı dərin mənəvi mesaj daşıyır.
Bu tarix – Şuşada yazılan tarix – həm də türk dünyası üçün mesajdır: birlikdə güclüyük, bir yerdə gələcəyə daha əmin addımlarla gedirik.
Şuşa Bəyannaməsi sübut etdi ki, dostluq və qardaşlıq artıq konkret fəaliyyət planı ilə möhkəmləndirilib. Tarix bir daha göstərdi: bu coğrafiyada öz taleyini özü yazan, öz müttəfiqini özü seçən xalqlar var. Və bu tarixin yeni səhifəsi məhz Şuşada yazıldı.
Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi Mətanət Zamanova