Novruz Bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramlarından biridir. Baharın gəlişini, təbiətin oyanmasını, yenilənməni və həyatın davamlılığını simvolizə edən Novruz əsrlər boyu xalqımızın milli kimliyinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Bu bayram sadəcə təbiət hadisəsi deyil, eyni zamanda Azərbaycan xalqının tarixini, mədəni irsini və milli dəyərlərini özündə yaşadan mühüm bir mərasimdir.
Novruzun kökləri çox qədim zamanlara gedib çıxır. Tarixi mənbələrə görə, bu bayram Zərdüştilik dövründən etibarən mövcud olmuş və zamanla xalqımızın adət-ənənələri ilə daha da zənginləşmişdir. Novruz bayramında hər bir adət və rituallar dərin mənaya malikdir. Bayramın əsas simvollarından biri olan səməni həyatın və bərəkətin rəmzi sayılır. Eyni zamanda, tonqal qalamaq, yumurta döyüşdürmək, Novruz şirniyyatları hazırlamaq və qonşularla bayramlaşmaq bu gözəl ənənənin ayrılmaz hissələridir.
Novruz təkcə təbiətin oyanmasını deyil, həm də xalqımızın həmrəylik və birlik ruhunu gücləndirir. Bayram günlərində insanlar bir-birlərini ziyarət edir, küsülülər barışır, ehtiyacı olanlara yardım göstərilir. Bu bayram insanlar arasında sevgi, dostluq və mehribanlığı möhkəmləndirən ən mühüm vasitələrdən biridir.
Azərbaycanın müasir tarixində Novruz Bayramı milli birlik və Zəfər rəmzi kimi də qəbul edilir. Xalqımız bu bayramı böyük coşqu ilə qeyd edir, çünki Novruz həm də yenidənqurma, yenilənmə və güclənmə deməkdir. Xüsusilə, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbədən sonra Novruz Bayramı azad edilmiş torpaqlarda daha böyük sevinclə qarşılanır. Şuşa, Ağdam, Füzuli və digər şəhərlərimizdə Novruz tonqallarının yandırılması xalqımız üçün qürur mənbəyinə çevrilmişdir.
Bu gün Novruz Bayramı rəsmi şəkildə dövlət səviyyəsində qeyd olunur. Azərbaycan UNESCO-nun qərarı ilə Novruzu bəşəriyyətin qeyri-maddi mədəni irsinin siyahısına daxil etmişdir. Bu, bir daha sübut edir ki, Novruz yalnız Azərbaycan xalqına deyil, bütün türkdilli xalqlara və Şərq dünyasına məxsus ortaq bir dəyərdir.
Beləliklə, Novruz Bayramı milli kimliyimizin, adət-ənənələrimizin və mədəni irsimizin yaşadılmasında mühüm rol oynayır. Hər il baharın gəlişi ilə birlikdə bu bayram xalqımıza sevinc, bərəkət və firavanlıq gətirir. Novruz ruhu daim yaşasın və Azərbaycan xalqına uğurlar, birlik və rifah bəxş etsin!
Xocalı rayon gənci Ayşə Əliyeva