Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul etməsi zamanı səsləndirdiyi çıxış ölkənin dövlət idarəçiliyində yeni mərhələnin konturlarını müəyyənləşdirir. Bu çıxış həm yeni təyin olunan rəhbərlərə verilən etimadın mahiyyətini, həm də dövlət idarəçiliyində prinsipial dəyərlərin qorunmasının zəruriliyini ortaya qoyur. Prezidentin nitqində xalqa xidmət, şəffaflıq, məsuliyyət, korrupsiyaya qarşı mübarizə və regionların inkişafı kimi mühüm istiqamətlər əsas xətt kimi keçir.
Prezident ilk növbədə yeni təyinat alan rəhbərlərə etimad göstərildiyini vurğulayaraq bildirdi ki, bu etimad eyni zamanda böyük məsuliyyətdir. Onlardan gözlənti — verilən tapşırıqları vicdanla yerinə yetirmək, xalqa sədaqətlə xidmət göstərmək və davranışları ilə dövlət məmuruna yaraşan nümunə ortaya qoymaqdır. Dövlət başçısı qeyd etdi ki, hər bir rəhbər vəzifə sahibi təkcə peşəkar fəaliyyəti ilə deyil, şəxsi davranışı və ailə mühiti ilə də nümunə olmalıdır. Təvazökarlıq, sadəlik və vətəndaşa yaxın olmaq məmurun əsas keyfiyyəti kimi dəyərləndirildi. Cəmiyyətdə təkəbbür, özünü üstün tutmaq və xalqdan uzaqlaşmaq hallarının yolverilməz olduğu xüsusi vurğulandı.
Prezident İlham Əliyev çıxışında korrupsiya və rüşvətxorluqla bağlı məsələlərə də sərt mövqe sərgilədi. O bildirdi ki, hər bir qanunsuzluq istənilən səviyyədə olsa da, nəticəsiz qalmayacaq. Əyri yola gedən, vəzifəsindən şəxsi mənafeyi üçün istifadə edən məmurların qanun qarşısında cavab verməsi artıq dövlət idarəçiliyində dəyişməz prinsipə çevrilib. Yeni təyinat alan rəhbərlərin əsas vəzifəsi təkcə öz fəaliyyət sahəsində qanunsuzluqlara yol verməmək deyil, həm də bu kimi hallarla ciddi mübarizə aparmaq, kadr seçimində mənəvi cəhətdən təmiz və etibarlı şəxslərlə işləməkdir. Prezidentin fikrincə, yalnız bu yolla idarəetmə sistemində şəffaflıq və ədalət prinsipi bərqərar ola bilər.
Regional inkişafın təmin olunması da çıxışın mühüm hissəsini təşkil edib. Prezident vurğuladı ki, son illər dövlət investisiya proqramları və regional inkişaf layihələri nəticəsində ölkənin bütün bölgələrində böyük dönüş baş verib. Elektrik enerjisi, magistral yollar, içməli su və suvarma sistemləri, sosial infrastruktur obyektləri — məktəblər, xəstəxanalar, idman kompleksləri demək olar ki, tamamilə yenilənib. Bununla belə, dövlət başçısı qeyd etdi ki, hələ də bəzi sahələrdə təkmilləşməyə ehtiyac var və bu istiqamətdə diqqət və məsuliyyət azalmalı deyil. İnfrastrukturun davamlı şəkildə yenilənməsi, köhnəlmiş sahələrin bərpası və kənd yollarının tam təmiri ölkənin hər bir guşəsində vətəndaşların rifahını birbaşa təsir edən əsas məsələlərdən biridir.
Prezident İlham Əliyev məşğulluq məsələsinə də geniş yer ayıraraq bildirdi ki, dövlətin apardığı siyasət nəticəsində işsizlik səviyyəsi azalsa da, bölgələrdən şəhərlərə miqrasiya hələ də aktualdır. Bu tendensiyanın qarşısını almaq üçün yeni iş yerlərinin yaradılması, sahibkarlığın dəstəklənməsi və özünüməşğulluq proqramlarının genişləndirilməsi əsas prioritet olmalıdır. Dövlətin həyata keçirdiyi sosial layihələrin davamı olaraq yerli istehsalın inkişafı, kənd təsərrüfatı və turizmin birgə irəliləməsi bölgələrin iqtisadi müstəqilliyini gücləndirəcək, eyni zamanda sosial sabitliyi təmin edəcək.
Ekoloji məsələlərə toxunan dövlət başçısı vurğuladı ki, Azərbaycanın bölgələrində ekoloji tarazlıq qorunmalı, təbiətə münasibətdə məsuliyyətli yanaşma təmin edilməlidir. Qanunsuz fəaliyyət, çayların məcrasının dəyişdirilməsi və təbii sərvətlərin nizamsız istifadəsi ciddi ekoloji fəsadlar yarada bilər və buna qətiyyən yol verilməməlidir. Prezidentin sözlərinə görə, ekologiya ilə bağlı görülən tədbirlər nəticəsində Bakı və Sumqayıt kimi şəhərlər bu gün parklar və yaşıllıqlar şəhərinə çevrilib, eyni yanaşma bölgələrdə də davam etdirilməlidir.
Prezident İlham Əliyevin çıxışında sosial ədalət prinsipinə də xüsusi yer ayrılıb. O bildirib ki, hər bir vətəndaş yaşadığı bölgədə ədalətin hökm sürdüyünü hiss etməlidir. Vaxtilə bəzi məmurların qanunsuz göstərişləri və özbaşınalıqları nəticəsində bölgələrdə yaranan narazılıq artıq aradan qaldırılır və bu istiqamətdə aparılan islahatlar idarəetməni sağlamlaşdırıb. Mərkəzi və yerli icra orqanlarında həyata keçirilən kadr islahatları nəticəsində şəffaf, ədalətli və məsuliyyətli idarəetmə sistemi formalaşır. Prezident əminliklə bildirdi ki, bundan sonra heç bir məmura qanunsuz tapşırıq verilə bilməz, belə hallar baş verərsə, dərhal ölçü götürüləcək.
Sonda dövlət başçısı yeni təyin olunan rəhbərlərə müraciət edərək qeyd etdi ki, onların əsas vəzifəsi dövlətə və xalqa sədaqətlə xidmət etməkdir. Etimadı doğrultmaq, xalqın rəğbətini qazanmaq, bölgələrin inkişafına real töhfə vermək hər bir rəhbərin borcudur. Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi bu fikirlər, əslində, müasir dövlət idarəçiliyinin əsas prinsiplərini — məsuliyyət, şəffaflıq, ədalət və xalqla birliyi bir daha önə çıxarır. Bu, təkcə bir tapşırıq deyil, həm də yeni dövrün dövlət fəlsəfəsini əks etdirən çağırışdır.
Xocalı rayon ziyalısı Bəxtiyar Allahverdiyev