2023-cü ilin sentyabrın 19–20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri dövlətimizin müasir tarixində yeni bir dönüş nöqtəsi oldu. Uzun illərdir Qarabağda mövcud olan və Ermənistan tərəfindən dəstəklənən qanunsuz silahlı birləşmələr nəinki regionun sabitliyinə, həm də Azərbaycan xalqının təhlükəsizliyinə böyük təhdid idi. Lakin bu əməliyyatla həmin təhlükə birdəfəlik aradan qaldırıldı.
Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan etmiş, beynəlxalq hüquq normaları çərçivəsində problemlərin həllinə üstünlük vermişdir. Amma təxribatlar, diversiya hücumları və mülki əhaliyə qarşı yönəlmiş təhdidlər qarşısında dövlətin susması mümkün deyildi. Məhz bu səbəbdən həyata keçirilən tədbirlər tamamilə haqlı, ədalətli və zəruri idi.
Əməliyyat cəmi bir gün davam etdi və nəticədə separatçı silahlı dəstələr təslim olmaq məcburiyyətində qaldılar. Bu, Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün və xalqımızın birliyinin təntənəsi idi. Artıq Qarabağda Azərbaycan suverenliyi bərpa olunmuş, bayrağımız hər qarış torpaqda dalğalanmışdır.
Bu hadisə sadəcə hərbi qələbə deyil, həm də siyasi və mənəvi zəfərdir. Çünki suverenliyin təmin olunması təkcə dövlətin gücünü yox, həm də xalqın birliyini, ədalətə olan inamını əks etdirir. Bu gün biz fəxr edirik ki, övladlarımız azad, bütöv və güclü Azərbaycanda yaşayacaq. Qarabağda yeni həyatın başlanması isə artıq reallığa çevrilir.
Xocalı rayon gənci Şəhriyar Quliyev