8 Noyabr tarixi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində əbədi iz qoymuş unudulmaz gündür. Məhz bu tarixdə – 2020-ci ildə – Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad edərək 30 ilə yaxın davam edən həsrətə son qoydu. Şuşanın azad edilməsi Vətən müharibəsinin kulminasiya nöqtəsi, Azərbaycan xalqının birliyinin, milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi oldu. Bu gün Şuşa təkcə azad edilmiş bir şəhər deyil, həm də azadlığın, yenidən doğuluşun və milli qürurun rəmzidir. Şuşa əsrlər boyu Azərbaycan musiqisinin, ədəbiyyatının, incəsənətinin beşiyi olmuş, böyük sənətkarların yetişdiyi müqəddəs məkandır. Şəhərin işğaldan azad olunması ilə bu mədəni irs yenidən bərpa edilir, qədim tarixi və memarlıq abidələri öz əvvəlki gözəlliyini bərpa edir. Hər il 8 Noyabrda keçirilən Şuşa şəhəri günü tədbirləri xalqımızın qəhrəman övladlarının şücaətini, şəhidlərin əziz xatirəsini yad etməyə, eyni zamanda, gənclərdə vətənə sevgi və qürur hisslərini gücləndirməyə xidmət edir. Bu gün Şuşa həm Azərbaycanın mədəniyyət paytaxtı, həm də Zəfərimizin canlı simvoludur. 8 Noyabr – Şuşa şəhəri günü xalqımızın birlik, inam və qələbə ruhunu əks etdirən ən ali milli bayramlardan biridir.
Xocalı rayon ziyalısı Leyli Yusifova