2025-ci il oktyabrın 16-da Xocalı Rayon İcra Hakimiyyətinin və Xocalı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi açaraq, insan alveri ilə mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilir, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ictimai maarifləndirmə və beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır.
Daha sonra Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı çıxış edərək insan alverinin mahiyyəti, onun formaları, cəmiyyətə və insanlara vurduğu mənəvi və fiziki zərərlər, həmçinin bu cinayətlə mübarizədə vətəndaş məsuliyyətinin vacibliyi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, insan alverinin qarşısının alınmasında hüquq-mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də fəal iştirakı böyük əhəmiyyət daşıyır.
Tədbirdə iştirakçılara insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, mövcud qanunvericilik, habelə belə hallarla rastlaşdıqda müraciət edilə biləcək qaynar xətt nömrələri barədə məlumat verilib.
Sonda mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub və iştirakçılara maarifləndirici çap materialları təqdim edilib.