Azərbaycanın infrastruktur siyasəti: enerji, su və nəqliyyatda dayanıqlı inkişaf modeli
Son iyirmi il ərzində Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ölkənin sosial-iqtisadi inkişafında həlledici rol oynayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, ardıcıl şəkildə icra olunmuş regional inkişaf proqramları nəticəsində ölkənin əsas infrastruktur problemləri mərhələli şəkildə öz həllini tapıb. Elektrik enerjisi təminatı, qazlaşdırma, avtomobil yollarının tikintisi və su təchizatı sahələrində əldə edilən nailiyyətlər Azərbaycanın dayanıqlı inkişaf modelini formalaşdırıb.
Enerji sektorunda yaradılmış güclü generasiya imkanları ölkəni enerji qıtlığından enerji ixracatçısına çevirib. Bu gün Azərbaycanın enerji istehsal gücü daxili tələbatı üstələyir və ölkə regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması əhalinin sosial rifahının yüksəldilməsi ilə yanaşı, iqtisadi inkişaf üçün də möhkəm zəmin yaradıb. Avtomobil yollarının, körpülərin və tunellərin inşası regionlar arasında iqtisadi əlaqələri gücləndirib, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan infrastruktur quruculuğu həmin torpaqların dirçəldilməsini sürətləndirib.
Su təchizatı sahəsində görülən işlər də bu inkişaf modelinin mühüm tərkib hissəsidir. Son 20 ildə inşa edilən böyük su anbarları və icra olunan içməli su layihələri əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Dövlətin məqsədi yalnız mövcud ehtiyacları ödəmək deyil, eyni zamanda gələcək nəsillər üçün dayanıqlı və təhlükəsiz infrastruktur formalaşdırmaqdır. Bu baxımdan qəbul edilən yeni Dövlət Proqramı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının məntiqi davamıdır.
Xocalı rayon gənci Ziya Əliyev