0
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatına yeni imkanlar açır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkəmizin iqtisadi inkişafının növbəti mərhələsi üçün mühüm istiqamətləri özündə ehtiva edir. Dövlət başçısının çıxışında dağ-mədən və metallurgiya sənayesinin inkişafının qeyri-neft sektorunun genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, regionlarda məşğulluğun artırılması və ixrac potensialının gücləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılmışdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son dövrlərdə qəbul edilmiş dövlət proqramları konkret hədəflərə əsaslanır, onların maliyyə təminatı, icra və nəzarət mexanizmləri müəyyənləşdirilir. Kənd təsərrüfatı, nəqliyyat, su təsərrüfatı və digər istiqamətlər üzrə həyata keçirilən proqramlar ölkə iqtisadiyyatının gücləndirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşdırılmasına və müasir infrastrukturla təminatına xidmət edir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının da 2027–2030-cu illər ərzində icrası nəzərdə tutulur.
Ötən illərdə həyata keçirilən ardıcıl iqtisadi siyasət nəticəsində Azərbaycanın regionlarında genişmiqyaslı infrastruktur layihələri reallaşdırılmış, enerji təminatı əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Dövlət başçısının çıxışında bildirildiyi kimi, ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatmış, Azərbaycan 25 milyard kubmetrdən çox qaz ixrac edən ölkəyə çevrilmişdir. Elektrik enerjisi sahəsində yaradılmış güclü potensial da Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradır.
Ölkənin gələcək iqtisadi inkişafında qeyri-neft sektorunun payının artırılması əsas prioritetlərdən biri kimi çıxış edir. Cari ilin səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artımın qeydə alınması bu istiqamətdə əldə edilən nəticələrin göstəricisidir. Yeni dövlət proqramlarının həyata keçirilməsi isə qeyri-neft sənayesində artımın uzunmüddətli və davamlı xarakter almasına əlavə imkanlar yaradacaqdır.
Dövlət Proqramının mühüm istiqamətlərindən biri Azərbaycanın zəngin yeraltı sərvətlərindən müasir texnologiyalar əsasında səmərəli istifadə olunmasıdır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yerləşən qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən yataqların işlənilməsi, mövcud ehtiyatların müasir geoloji üsullarla dəqiqləşdirilməsi nəzərdə tutulur. Ağdərə rayonunda artıq işlərə başlanıldığı, gələcəkdə Kəlbəcər və Zəngilanda da müvafiq işlərə start verilməsinin planlaşdırıldığı bildirilmişdir.
Bu proses Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərin zəngin təbii ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi həmin ərazilərdə yeni istehsal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına və regionların ümumi iqtisadi inkişafının sürətləndirilməsinə imkan verəcəkdir.
Dağ-mədən sənayesinin inkişafında dövlət və özəl sektorun birgə iştirakı da mühüm yer tutur. Dövlət xətti ilə müvafiq işlərin “AzerGold” tərəfindən həyata keçirilməsi, eyni zamanda, özəl sektorun və xarici investorların prosesə cəlb olunması nəzərdə tutulur. Əsas məqsədlərdən biri hasil olunan təbii sərvətlərin yalnız xammal şəklində ixracı deyil, ölkə daxilində zənginləşdirmə və emal mərhələlərini də əhatə edən tam istehsal zəncirinin yaradılmasıdır.
Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının perspektivləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yatağın istismara hazırlanması istiqamətində işlərin aparılması Azərbaycanın dağ-mədən sənayesində yeni istehsal imkanlarının formalaşmasına xidmət edəcəkdir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədlərindən biri də məhz dağ-mədən sənayesinin inkişaf etdirilməsi və hasilatdan son məhsul istehsalına qədər tam sənaye zəncirinin formalaşdırılmasıdır.
Bu sahədə iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizliyin təmin edilməsi də əsas tələblərdəndir. Prezident İlham Əliyev çıxışında maksimum ekoloji ekspertizanın aparılmasının və bütün ekoloji normaların gözlənilməsinin vacibliyini vurğulayaraq təbiətin Azərbaycanın əsas sərvətlərindən olduğunu diqqətə çatdırmışdır. Bu yanaşma sənayeləşmə prosesinin ətraf mühitin qorunması prinsipləri ilə uzlaşdırılmasının dövlət siyasətində mühüm yer tutduğunu göstərir.
Metallurgiya sənayesinin inkişafı çərçivəsində alüminium istehsalının genişləndirilməsi də qarşıya qoyulan mühüm hədəflər sırasındadır. Dövlət Proqramı əsasında 2030-cu ilin sonunadək alüminium istehsalının 100 min tona çatdırılması və bu istiqamətdə bir neçə yeni zavodun yaradılması nəzərdə tutulur.
Proqramın həyata keçirilməsi sosial-iqtisadi baxımdan da mühüm nəticələr vəd edir. Dövlət başçısının çıxışında beş mindən çox yeni daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğu bildirilmişdir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun artması, dövlət büdcəsinə əlavə vergi daxilolmalarının təmin edilməsi və Azərbaycanın ixrac potensialının gücləndirilməsi gözlənilir. Çıxışda proqramın gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyi də qeyd edilmişdir.
Bütövlükdə, 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində yeni imkanlar açır. Yeraltı sərvətlərin səmərəli və ekoloji tələblərə uyğun şəkildə iqtisadi dövriyyəyə cəlb olunması, müasir emal müəssisələrinin yaradılması, yerli və xarici investisiyaların təşviqi, yeni iş yerlərinin açılması və ixracyönümlü istehsalın genişləndirilməsi qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcəkdir.
Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflər göstərir ki, qarşıdakı dövrdə məqsəd yalnız təbii sərvətlərin hasilatı deyil, həmin sərvətlər əsasında yüksək əlavə dəyər yaradan müasir və rəqabətqabiliyyətli sənaye zəncirinin formalaşdırılmasıdır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, məşğulluğun artırılmasına və ölkənin uzunmüddətli iqtisadi potensialının daha da gücləndirilməsinə xidmət edəcəkdir.
| Bölmə | Qəzet |
| Kateqoriya | Məqalələr |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 13 saat öncə |
| İzlənib | 16 dəfə |