Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəngilan – Zəfərin və Yenidənqurmanın Parlayan Simvolu

0



  • Azərbaycanın qədim guşələrindən olan Zəngilan əsrlər boyu tarixi, mədəniyyəti, təbiəti və strateji mövqeyi ilə seçilmişdir. Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati bölgülər nəticəsində XIX əsrin əvvəllərində Zəngəzur qəzasının tərkibinə daxil edilən bu diyar Azərbaycan torpaqlarının ayrılmaz hissəsi kimi tarixdə öz yerini tutub. Zəngilanın adı təkcə coğrafi məkan deyil, həm də dözümün, mübarizənin və yenidən doğuluşun simvoluna çevrilib.

    1920-ci ilin aprelində bolşeviklərin köməyi ilə ermənilərin qədim türk torpaqlarına yiyələnməsi nəticəsində Zəngəzur qəzası süni şəkildə parçalanaraq Azərbaycanın bir hissəsi olan Zəngilan, Qubadlı və Laçın bölgələri uzun illər boyu sərhədin keşikçilərinə çevrildi. Zəngilan həm təbii sərvətləri, həm də mühüm strateji mövqeyi ilə Azərbaycanın ən dəyərli bölgələrindən biri olub. Buradan axan Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları bu torpağın təbii zənginliyini, münbitliyini və həyat dolu mənzərəsini tamamlayır.

    Zəngilan torpaqları təkcə təbiət gözəlliyi ilə deyil, həm də çoxsaylı dini-tarixi abidələri ilə tanınıb. İmam Hüseyn məscidi, Malatkeşin və Rəzdərə kəndlərindəki XIX əsr məscidləri, Məmmədbəyli kəndindəki səkkizguşəli türbə, Xanazur, Günqışlaq və Vejnəli pir və ocaqları bu torpağın mənəvi dəyərlərinin dərinliyini göstərir. Tarixin müxtəlif dövrlərinə aid qala, körpü və yaşayış yerləri Zəngilanın qədim sivilizasiyaların beşiyi olduğunu sübut edir.

    Lakin XX əsrin sonlarında bu torpaq ağır bir sınaqdan keçdi. 1993-cü ilin payızında Füzuli və Cəbrayıl işğal olunduqdan sonra Zəngilan 67 gün tam mühasirədə qaldı. Əhali sonadək vuruşdu, 235 nəfər şəhid və itkin verdi, lakin qəhrəmanlıq tarix yazdı. Nəhayət, oktyabrın 29-da Zəngilanın müdafiəçiləri Araz çayını keçərək İran ərazisi vasitəsilə Azərbaycanın müxtəlif rayonlarına sığınmaq məcburiyyətində qaldılar. Bu hadisə həm Zəngilanın, həm də bütün Azərbaycanın yaddaşına ağrı, fəxarət və dözüm simvolu kimi həkk olundu.

    Erməni işğalı dövründə Zəngilan tamamilə dağıdıldı. Tarixi məscidlər, türbələr, alban kilsələri, körpülər və sərdabələr yerlə-yeksan edildi. Ərazidəki kəndlər viran qaldı, meşələr talan olundu, faydalı qazıntılar qeyri-qanuni istismar edildi. Lakin bu dağıntılar xalqın iradəsini sındıra bilmədi.

    2020-ci ilin 20 oktyabrında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərini və 49 kəndini işğaldan azad etdi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək “Zəngilan azaddır!” sözlərini söylədi və bu, tarixə qızıl hərflərlə yazıldı. Bununla da Azərbaycanın İranla 132 kilometrlik dövlət sərhədi tam bərpa olundu.

    Bu qəhrəmanlıq münasibətilə 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. 6974 hərbi qulluqçu bu medalla təltif olundu. 2023-cü il 31 iyul tarixində Prezident İlham Əliyevin sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” kimi təsis edildi – bu, Zəngilanın tarixində Zəfərin və Qayıdışın rəmzidir.

    İşğaldan sonra Zəngilan Azərbaycanın “Böyük Qayıdış” proqramının əsas istiqamətlərindən birinə çevrildi. İlk pilot layihə – Ağalı “Ağıllı kəndi” burada reallaşdırıldı. 200 evdən ibarət müasir, ekoloji və texnoloji kənddə enerji günəş və su mənbələrindən əldə olunur, kommunal xidmətlər rəqəmsal idarə olunur, çirkab sular bioloji üsulla təmizlənir, evlər yüksək izolyasiyalı materiallarla inşa edilib. Bu kənd dünyanın ən müasir kəndlərindən biri hesab olunur. 2022-ci ilin mayından etibarən 175 ailə doğma torpaqlarına qayıdıb və bu gün Ağalı kəndi həyatın yenidən başladığı ilk Qarabağ kəndidir.

    Zəngilan həmçinin regionun mühüm nəqliyyat mərkəzi kimi inkişaf etdirilir. Burada inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı artıq fəaliyyətə başlayıb və Zəngəzur dəhlizinin hava infrastrukturunda strateji rol oynayır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və avtomobil yolu Naxçıvanla birbaşa əlaqə yaradacaq. Bu, həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.

    Ərazidə “Dost Aqropark” adlı nəhəng kənd təsərrüfatı kompleksi fəaliyyətə başlayıb. Azərbaycan-Türkiyə əməkdaşlığı ilə yaradılan bu aqroparkda minlərlə hektar torpaq əkinə hazırlanır, minlərlə baş cins qaramal saxlanılır, gələcəkdə 6 min hektar sahədə bitkiçilik və heyvandarlıq kompleksləri fəaliyyət göstərəcək. “Made in Qarabağ” brendi ilə istehsal olunan məhsullar artıq beynəlxalq bazara çıxarılmaq üzrədir.

    Zəngilanın mədəni dirçəlişi də sürətlə davam edir. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidi öz tarixi görkəmini yenidən qazanıb. XIX əsrdə tikilmiş bu məscid işğal dövründə təhqir edilərək tövləyə çevrilmişdi. Lakin bu gün iki minarəli, nəbati naxışlarla işlənmiş mehrabı, ağacdan yonulmuş minbəri və şəbəkələri ilə Zəngilanın ruhunu əks etdirən müqəddəs məkana çevrilib.

    2023-cü ildə təsdiqlənmiş “Zəngilan şəhərinin 2040-cı ilədək Baş Planı” bu torpağın gələcəyinə yönəlmiş böyük vizyonun göstəricisidir. Yeni yaşayış kompleksləri, məktəblər, bağçalar, parklar, ictimai mərkəzlər inşa olunur. Zəngilan Konqres Mərkəzi, Su Elektrik Stansiyaları, Rəqəmsal İdarəetmə Mərkəzi, yeni turizm obyektləri bu şəhərin gələcəyini müasir inkişaf mərkəzinə çevirir.

    Bu gün Zəngilan təkcə bərpa edilmir – yenidən doğulur. Hər səfərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada görülən işlərlə tanış olur, yeni təməlqoyma mərasimlərində iştirak edirlər. Zəngilanın mərkəzində ucaldılan dövlət bayrağı bu torpağın əbədi Azərbaycan torpağı olduğunu simvolizə edir.

    20 oktyabr – Zəngilan şəhəri günü indi təkcə bir tarix deyil, həm də yenidənqurmanın, dirçəlişin, inamın və dövlət iradəsinin təntənəsidir. Bu gün Zəngilan Azərbaycanın gücünü, xalqımızın birliyini və Vətən sevgisini təcəssüm etdirir. Dağıdılmış şəhər indi həyatla, səs-küylə, tikinti və sevinc səsləri ilə doludur.

    Zəngilan azaddır. Zəngilan yaşayır. Zəngilan dirçəlir – Azərbaycanın Zəfər simvolu kimi.

    Xocalı rayon ziyalısı Ulduz Əsgərova
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib24 dəfə
    Zəngilan Zəfərin Yenidənqurmanın Parlayan Simvolu

    Maraqlı gələ bilər
    66
    28
    101