0
Şuşa Bəyannaməsi – Qardaşlığın Zəfərdən Sonra Yazılan Tarixi Manifesti.
Azərbaycan və Türkiyə xalqları əsrlər boyu ortaq tarix, dil, din və mədəni dəyərlərlə bir-birinə bağlı olmuşdur. Bu qardaşlıq zamanın sınaqlarından keçərək daha da möhkəmlənmiş, ən çətin günlərdə özünü qarşılıqlı dəstək və həmrəylik nümunəsi kimi göstərmişdir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə bu qardaşlığın siyasi və hüquqi müstəvidə ən yüksək ifadəsinə çevrilmişdir.
Şuşa Bəyannaməsinin məhz Qarabağın tacı olan Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra azad Şuşada imzalanan bu sənəd Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Bu, yalnız iki dövlət arasında bağlanan siyasi sənəd deyil, həm də ortaq tarixə, ortaq gələcəyə və ortaq məqsədlərə söykənən strateji yol xəritəsidir.
Bəyannamə Azərbaycan və Türkiyə arasında münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldərək müttəfiqlik səviyyəsində rəsmiləşdirdi. Sənəddə siyasi dialoqun gücləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, müdafiə və təhlükəsizlik sahəsində birgə fəaliyyət kimi mühüm istiqamətlər öz əksini tapmışdır. Bu müddəalar iki ölkənin gələcək inkişaf strategiyasının əsas sütunlarını təşkil edir.
Şuşa Bəyannaməsinin ən mühüm cəhətlərindən biri onun regional sülh və təhlükəsizliyə verdiyi töhfədir. Sənəd Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasına, iqtisadi inteqrasiyanın genişlənməsinə və kommunikasiyaların açılmasına xidmət edir. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Türk dünyasını birləşdirən mühüm nəqliyyat və ticarət xəttinin formalaşmasına imkan yaradır.
Bəyannamə həm də iqtisadi inkişaf üçün yeni imkanlar açır. Qarşılıqlı investisiyaların artırılması, yeni sənaye və infrastruktur layihələrinin həyata keçirilməsi, azad edilmiş ərazilərin bərpasında birgə iştirak ölkələrimizin iqtisadi potensialını daha da gücləndirir. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri bu əməkdaşlığın uğurlu nəticələrini artıq göstərməkdədir.
Sənəddə müdafiə sahəsində əməkdaşlığa xüsusi önəm verilməsi onun strateji mahiyyətini daha da artırır. Azərbaycan və Türkiyə bundan sonra da təhlükəsizlik məsələlərində bir-birinə dəstək göstərmək, hərbi əməkdaşlığı inkişaf etdirmək və regionda sabitliyin qorunmasına töhfə vermək əzmində olduqlarını nümayiş etdirmişlər. Bu, yalnız iki ölkənin deyil, bütövlükdə regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi, Türk dünyasının birliyinin möhkəm təməli və gələcəyə ünvanlanmış strateji baxışın ifadəsi kimi qiymətləndirilir. Bu sənəd göstərir ki, Azərbaycan və Türkiyə təkcə dost və qardaş deyil, həm də ortaq maraqları, ortaq hədəfləri və ortaq gələcəyi paylaşan müttəfiq dövlətlərdir. Şuşa Bəyannaməsi gələcək nəsillərə qardaşlığın, birliyin və həmrəyliyin ən dəyərli nümunələrindən biri kimi miras qalacaqdır.
Xocalı rayon gənci Ayşə Əliyeva.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 həft. öncə |
| İzlənib | 17 dəfə |