0
5 noyabr 2026-cı il tarixində Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.6.1-ci bəndinin icrası çərçivəsində sosial xidmətlərə olan ehtiyacın müəyyənləşdirilməsi, əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması və bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Xocalı rayon sakinləri arasında maarifləndirici tədbir keçirilib.
Tədbirdə sosial xidmət sisteminin təkmilləşdirilməsi, mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əhalinin həssas qruplarının mövcud sosial xidmətlərdən istifadə imkanlarının artırılması məsələləri müzakirə olunub.
Çıxışlar zamanı ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısından, eləcə də çətin həyat şəraitində yaşayan vətəndaşların sosial xidmətlərə əlçatanlığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib.
Bildirilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, əlilliyi olan şəxslərin, tənha ahılların, özünəqulluq qabiliyyəti məhdudlaşmış vətəndaşların, məişət zorakılığından zərər çəkmiş şəxslərin, insan alveri qurbanlarının və digər həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin mühüm istiqamətlərindəndir.
Tədbirdə “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, sosial xidmətlərdən istifadə mexanizmləri, müraciət qaydaları və mövcud dövlət dəstəyi imkanları barədə iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, sosial xidmətlərin əsas məqsədi çətin həyat şəraitində olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və müstəqil yaşamaq imkanlarının dəstəklənməsidir.
Eyni zamanda, Xocalı rayonunun xüsusiyyətləri nəzərə alınmaqla, müxtəlif yaşayış məntəqələrində məskunlaşmış rayon sakinlərinin, eləcə də doğma yurdlarına qayıdan ailələrin sosial xidmətlərə olan ehtiyaclarının öyrənilməsi, həssas əhali qruplarının müəyyənləşdirilməsi və onların aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsinin vacibliyi vurğulanıb.
Maarifləndirmə zamanı sosial xidmətlərə ehtiyacın düzgün qiymətləndirilməsi, ünvanlılığın təmin olunması, xidmətlərin keyfiyyətinin artırılması, dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin sosial xidmət sahəsində dövlət sifarişi əsasında həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbir çərçivəsində sosial xidmətə ehtiyacı olan şəxslərin vaxtında müəyyənləşdirilməsi, onların mövcud dəstək mexanizmləri barədə məlumatlandırılması və sosial xidmətlərə çıxışının asanlaşdırılması istiqamətində yerli icra hakimiyyəti orqanları ilə aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sosial xidmətlərin əlçatanlığının artırılması, həssas əhali qruplarının hüquqlarının qorunması və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
| Bölmə | Qəzet |
| Kateqoriya | Xocalı rayonu |
| Yerləşdirdi | |
| Yerləşdirildi | 1 gün öncə |
| İzlənib | 6 dəfə |